Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 23:22

İran münaqişəsinin postsovet məkanına təsiri – qazananlar, itirənlər

Rusiya prezidenti Vladimir Putin Kazanda BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşür.
Rusiya prezidenti Vladimir Putin Kazanda BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşür.

"Postsovet ölkələri içində İran müharibəsindən qazananlar da olacaq, itirənlər də. Bu müharibə onların bir-biri və dünyanın qalan hissəsi ilə əlaqələrini də dəyişdirəcək". Amerikalı təhlilçi Pol Qobl "Eurasiareview" nəşrində dərc olunmuş məqaləsində yazır ki, əlaqələrin daha geniş transformasiyasının səbəbi bu ölkələrə birbaşa təsirlərdən qaynaqlanmır. Əsl səbəblər İranın tranzit dəhlizi kimi bağlanması, neft qiymətlərinin artması, İranın qonşularının münaqişədə tərəf tutmağa vadar olmasıdır.

Təhlilçi Rusiyanın bu münaqişədən azı üç yolla faydalandığını yazır. Birincisi, neftin bahalanması Kremlə xəzinəsini doldurmağa kömək edib. İkincisi, İranda və Hörmüz boğazında zorakılıq Avropa və Asiya arasında ticarət üçün Rusiyanın Arktikadakı "Şimal dəniz dəhlizi"nə marağı artırıb. Üçüncü amil isə propaqandaçıların əlinə oynayır, ABŞ və İsrailin etdiklərinin Rusiyanın Ukraynada törətdiyinə bərabər olduğunu iddia edirlər.

Müşahidəçilər bu müharibənin Ukraynaya dəstəyi azalda biləcəyini deyirlər. Yaxud Belarusda İran münaqişəsinin diktator Aleksandr Lukaşenkoya da zərbə vura biləcəyindən danışırlar.

Cənubi Qafqaza gəlincə, Ermənistan üç ölkənin içində ən təmkinli davranıb. İranın nüfuzunun artdığı Gürcüstan nəinki İrandan, onun tərəfdarı Rusiyadan belə uzaqlaşa biləcəyi mesajını verib.

Azərbaycan bu münaqişənin birbaşa təsirinə məruz qalıb, Naxçıvana dron hücumu olub. Rəsmi Bakı diplomatlarını Tehrandan çıxarıb, cavab tədbirləri ilə hədələyib, amma sonradan İrana humanitar yardım göndərib.

İran Cənubi Qafqazı alovlandıracaqmı?

İran müharibəsinin gərginliyi Cənubi Qafqaza da sıçrayıb, amma güc balansı Tehranın xeyrinə deyil. Bunu isə ABŞ-də yerləşən Turan Araşdırma Mərkəzindən Emil Avdaliani Avropa Siyasi Təhlil Mərkəzinin (CEPA) dərc etdiyi məqaləsində yazır.

Müəllif Naxçıvana düşən dronların planlaşdırılan TRIPP xəttində əsas rol oynayacaq məkanı vurduğunu yazır. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək.

"Tehranın nöqteyi-nəzərindən, bu dəhliz sadə bir nəqliyyat təşəbbüsü deyil. Rəsmilər dəfələrlə bu xəttin İranın Cənubi Qafqazda geosiyasi və iqtisadi təsirini zəiflədəcəyini deyiblər", – məqalədə deyilir.

ABŞ və İsrail fevralın 28-də İrana havadan zərbələrə start verib. Məqsədin İranın raket imkanlarını, nüvə proqramını sıradan çıxarmaq olduğu bildirilir. İran isə cavabında ABŞ-nin Yaxın Şərqdəki bazalarını vurur.

XS
SM
MD
LG