17 il "Azərenerji" ASC-nin sədri vəzifəsində çalışmış Etibar Pirverdiyevin adının hallandığı məhkəmə prosesi aylardır qapalı aparılsa da, hakim qərarını dəyişib. Bundan sonra məhkəmə iclaslarının açıq keçirilməsinə qərar verilib. Söhbət Azərbaycanda energetika və tikinti sektorunda iri layihələr icra etmiş "Azenco" ASC-nin Müşahidə Şurasının keçmiş sədri Vüqar Əliyevin məhkəmə işindən gedir.
40 yaşlı V.Əliyev 3.5 milyonluq mənimsəmə ittihamı ilə həbsdədir. Onun ittiham olunduğu maddəyə əsasən, onu 10 ildən 14 ilə qədər həbs cəzası gözləyir. Söhbət xüsusilə külli miqdarda mənimsəmədən (Cinayət Məcəlləsinin 179.4-cü maddəsi) gedir. Amma o, özünü təqsirli bilmir və həbs olunmasında E.Pirverdiyevi ittiham edir.
Məhkəmə artıq üç aydır qapalı keçirilirdi. Prosesin qapalı aparılması təşəbbüsü prokurordan gəlmişdi. İddia edilirdi ki, iş materiallarında kommersiya sirri sayılan məlumatlar var və proses açıq keçirilərsə, kənar şəxslərin iştirakı səbəbindən bu məlumatlar yayıla bilər. Ancaq həm V.Əliyev, həm də onun vəkili məhkəmənin qapalı keçirilməsinə etiraz edirdilər. Onlar həqiqətləri hər kəsin eşidib bilməsi üçün prosesin açıq aparılmasını tələb edirdilər.
Hakimlər isə vaxtilə prokurorun vəsatətini təmin edərək, məhkəmənin qapalı aparılması barədə qərar çıxarmışdılar. Bugünlərdə məlum olub ki, məhkəmə həmin qərarını dəyişib. Noyabrın 2-də keçiriləcək növbəti məhkəmə iclasında "Azenco" ASC-nin V.Əliyevdən sonrakı rəhbəri Pərviz Hacıyev şahid qismində dindiriləcək.
V.Əliyev hələ istintaq dövründə "Azərenerji"nin keçmiş prezidenti E.Pirverdiyevin şahid qismində dindirilməsi barədə bir neçə dəfə vəsatət qaldırıb. O, vəsatətini əsaslandırarkən vurğulayıb ki, bütün proseslər məhz Pirverdiyevin göstərişi ilə baş verib, çünki "Azenco" ASC faktiki olaraq ona məxsus şirkətdir: "Hamı bilir ki, bu şirkət Etibar Pirverdiyevindir. Mən bu şirkətdə iki il işləyəndən sonra o, məni rəhbər təyin etdi".
Məhkəmədə də həm V.Əliyevin özü, həm də yaxınları Pirverdiyevin adını çəkərək onun məhkəməyə gəlməsini tələb ediblər. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında bildirib ki, istintaq zamanı ona E.Pirverdiyev ilə barışmaq tövsiyə olunub.
"Azenco" ASC-nin E.Pirverdiyevə məxsus olması barədə Azərbaycan mediasında illərdir iddialar yayılsa da, o, bu iddialara heç vaxt cavab verməyib.
AzadlıqRadiosunun məhkəmə prosesində səslənən bu fikirlərə E.Pirverdiyevdən şərh almaq cəhdləri də nəticəsiz qalıb.
62 yaşlı E.Pirverdiyev 2001-2018-ci illərdə "Azərenerji" ASC-nin sədri vəzifəsində çalışıb.
Xatırlatma
"Azenco" ASC uzun illər energetika və tikinti sektorunda iri layihələr icra edib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. Şirkət 2002-ci ildə "Azərenerjitikinti" MMC kimi təsis edilib, 2008-ci ildə isə hüquqi adını dəyişərək "Azenco" ASC (Azerbaijan Energy Construction) olub.
Vaxtilə Dövlət Bayrağı Meydanı və "Baku Kristal Holl" kimi məşhur layihələrin tikintisi də məhz bu şirkətə həvalə edilmişdi.
Vüqar Əliyev 2023-cü ilin mayınadək "Azenco"nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsini tutub. O, 2023-cü ilin mayında şirkət səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsindən azad edilərkən yerinə Pərviz Hacıyev təyin olunub. P.Hacıyev isə vaxtilə "PASHA Holding"in törəmə strukturu olan "PMD Group" MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən isə "Azenco"nun İdarə Heyəti sədrinin müavini olub.
Azərbaycanın ən iri konqlomeratı olan "PASHA Holding" maliyyə, tikinti və turizm sektorlarında böyük aktivlərə sahibdir. AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Tədqiqi Layihəsi (OCCRP) ilə birgə apardığı araşdırmaya görə, bu holdinq prezident İlham Əliyevin qızlarına məxsusdur.