Beynəlxalq qurumlar qanunsuz saxlanan qadın jurnalistlərin cinsi zorakılıqla üzləşdiyini bildirir

Aysel Umudova

Bir neçə beynəlxalq insan haqları təşkilatı MeydanTV-nin jurnalisti Aysel Umudovanın təcridxanadan göndərdiyi məktubla bağlı ciddi narahatlıq bildirib. Jurnalist məktubunda 2024-cü il dekabrın 6-da saxlanarkən polis əməkdaşlarının cinsi qısnaması və pis rəftarı ilə üzləşdiyini yazmışdı.

Bəyanata "Amnesty International", "ARTICLE 19 Europe", Beynəlxalq İnsan Haqları Federasiyası, Dünya İşgəncə Əleyhinə Təşkilat, "Azərbaycanda Repressiyaya Son Kampaniyası" və digər qurumlar imza atıb.

Qeyd olunur ki, Umudovanın 2025-ci ilin dekabrında dərc olunmuş məktubu daha öncə jurnalist Ülviyyə Əlinin başına gələnləri yada salır. O, 2025-ci il mayın 5-də saxlanarkən polis əməkdaşının onu zorlama ilə təhdid etdiyini deyib.

A.Umudova və Ü.Əlinin üzləşdiyi cinsi qısnama, zorlama təhdidinin cinsi və gender əsaslı zorakılıq olduğu vurğulanır. Hakim orqanların bu iddiaları araşdırmaması isə həm Azərbaycan Konstitusiyası, həm də Avropa İnsan Haqları Konvensiyasına, ölkənin ratifikasiya etdiyi digər konvensiyalara ziddir.

Ülviyyə Əli

Bəyanata imza atan qurumlar Azərbaycan hakimiyyətini Ü.Əli və A.Umudovanı dərhal, qeyd-şərtsiz azad etməyə, onlara və digər siyasi məhbuslara qarşı bütün siyasi ittihamları ləğv etməyə, işgəncə, pis rəftar, cinsi qısnama iddialarını araşdırmağa çağırır.

A.Umudovanın məktubuna indiyədək rəsmi reaksiya verilməyib. Ü.Əlinin saxlanarkən zorakılığa məruz qalması ilə bağlı ötən il mayın 29-da təcridxanada ondan izahat alınıb.

Daxili İşlər Nazirliyi (DİN) indiyədək saxlanma zamanı pis rəftar iddialarını təkzib edib.

Hər iki jurnalist hazırda məhkəməsi gedən "MeydanTV işi" çərçivəsində saxlanılıb. Onlar, həbsdə olan azı 20 jurnalist kimi, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və digər maddələrlə ittiham olunur. Ancaq müstəqil müşahidəçilər ittihamları saxta və siyasi motivli sayır.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli təqiblərin olmadığını bildirir. Bir sıra beynəlxalq insan haqları qrupları, yerli hüquq müdafiəçiləri isə hakimiyyəti müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.