Şəmşad Ağa 'tubzon'a köçürülüb

Şəmşad Ağa

MeydanTV-nin həbsdə olan, böyrək və digər xəstəliklərdən əziyyət çəkən baş redaktoru Aynur Elgünəşin səhhəti ilə bağlı bu həftə müalicə müəssisəsinə köçürüləcəyi gözlənilir. Bu barədə AzadlıqRadiosuna jurnalistin yaxınları məlumat verib.

Bu iş üzrə saxlanılan digər bir jurnalist Şəmşad Ağanın (Ağayev) isə artıq 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (tubzon) aparıldığı bildirilir. Vurğulanır ki, onun da sağlamlığında ciddi problemlər yaranıb.

Hələlik bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Yaxınları həbsdəki baş redaktor Aynur Elgünəşin səhhətindən narahatdır

MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bu barədə jurnalistin yaxınları məlumat yayıb.

MeydanTV-nin xəbərinə görə, A.Elgünəş oktyabrın 8-də cəzaçəkmə müəssisəsində ultrasəs müayinəsindən (USM) keçib: "Ötən ay həkim onun böyrəyində 14 mm-lik daş aşkarlandığını, həmin daşın orqanı zədələdiyini və genişlənməyə yol açdığını bildirmişdi. İndi isə daş ovularaq 11 mm-ə düşüb. Ancaq sən demə, daş artıq böyrəyə ciddi zərər vurub".

Yaxınlarının sözlərinə görə, müayinənin nəticələri böyrəyin sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını göstərib. Onlar əlavə ediblər ki, jurnalist kəskin böyrək ağrılarından və yüksək təzyiqdən əziyyət çəkir. Məlumata görə, o, 22 aydır həbsdə keyfiyyətli tibbi xidmətdən məhrum buraxılıb: "USM həkimi iki-üm aydan bir gəlib sadəcə diaqnoz qoyur, amma Bakı İstintaq Təcridxanasında həmin diaqnoza uyğun müalicə aparacaq mütəxəssis yoxdur. Aynur həmçinin II qrup əlildir, çanağında endoprotez var, həbsxana şəraiti isə hərəkət üçün qətiyyən əlverişli deyil. Oturaq və məhdud şərait ayağında şişkinlik yaradır, tez-tez dözülməz ağrılarının olduğunu deyir".

Yaxınları jurnalistin səhhətindən ciddi narahatlıq keçirdiklərini, mövcud vəziyyətin təhlükəli və geridönülməz fəsadlara yol aça biləcəyini vurğulayırlar: "Həbsxanada Aynurun xəstəliklərini müalicə edəcək yetərli mütəxəssis və tibbi təchizat yoxdur. Ona bir şey olsa, bunun məsuliyyətini kim daşıyacaq? Niyə göz görə-görə günahsız bir insana əziyyət verirlər?", –jurnalistin yaxınları sual edir.

Hələlik, səsləndirilən bu iddialarla bağlı cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan bəri həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb.

Bu cinayət işi çərçivəsində 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı həbs olunub.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da "MeydanTV işi" üzrə istintaqa cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə barmaqlıqlar arxasına göndərilib. Onların arasında "AbzasMedia" və Toplum TV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası kəsilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır və o, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi isə iyulun sonunda yekunlaşıb; doqquz nəfərə ümumilikdə 121 il (hər birinə 12 ildən 15 ilədək) həbs cəzası verilib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, hakimiyyətin korrupsiya əməllərini ifşa etdiklərinə və məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə peşə fəaliyyətinə görə heç kimin təqib edilmədiyini vurğulayırlar. Onların iddiasına görə, jurnalistlər sırf törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.