Erməni mayoruna işgəncə iddiası təmin olundu – Bakıdan cavab: 'Talış işğal altında idi'

Erməni əsgərləri Qarabağda mövqelərində səngərlə gedirlər. 2016

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 18-də erməni hərbçinin ailəsinin Azərbaycana qarşı işgəncə və digər iddialarını təmin edib. Söhbət 2016-cı ilin hərbi toqquşmaları zamanı işgəncəyə məruz qaldığı bildirilən erməni əsgərdən gedir.

"V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə iddiaçılar 2016-cı ilin aprelində hərbi toqquşmalar zamanı tanınmamış "Dağlıq Qarabağ Respublikası" ordusunda mayor olmuş H.T.-nin işgəncəyə məruz qaldığını və başının kəsildiyini iddia ediblər. Dörd gün davam edən həmin döyüşlərdən sonra, 2016-cı il aprelin 5-də atəşkəs əldə olunub, hər iki tərəfdə həlak olmuş hərbçilərin cəsədləri qaytarılıb. Bəzi meyitlərin başları, əlləri və qulaq seyvanlarının kəsilmiş vəziyyətdə qaytarıldığı bildirilir. Oxşar iddialarla bağlı daha 21 ərizə hazırda məhkəmənin icraatındadır.

Məhkəmə-tibbi ekspertiza rəyinin nəticələrinə görə, H.T.-nin hərbi yük maşını pusquya düşdükdən sonra ağır yaralandığı, hələ sağ ikən əvvəlcə əllərinin, sonra isə başının kəsildiyi iddia olunur.

Bu iş üzrə ərizəçilər H.T.-nin valideynləri V.T., L.V. və bacısı A.G.-dir. Onlar iddiada Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinə əsaslanaraq bildiriblər ki, H.T. əsir götürülən zaman artıq müdafiəsiz və döyüş qabiliyyətini itirmiş vəziyyətdə olub.

Ərizəçilər həmçinin Konvensiyanın 3-cü (işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan olunması), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinə istinad ediblər.

Məhkəmə 2-ci və 3-cü maddənin pozulduğunu müəyyən edib. İş üzrə mənəvi zərərə görə ilk iki ərizəçiyə birlikdə 60 min avro, üçüncü ərizəçiyə 30 min avro ödənilməsi öhdəliyi qoyulub. Məhkəmə xərcləri və digər məsrəflərə görə isə 14 min 210 avro ödənilməlidir.

Azərbaycan AİHM-ə cavabında: Talış işğal altında idi, araşdırma imkanımız olmayıb

Azərbaycan hökuməti Avropa Məhkəməsinə cavabında bildirib ki, iddia edilən hadisə vaxtı həmin ərazi Ermənistanın işğalı altında olub və meyiti də erməni hərbçiləri tapıb. Bu səbəbdən Azərbaycan tərəfi şikayətdəki iddiaların həqiqiliyini araşdırmaq imkanından məhrum olub.

Hökumət bu hadisədən yalnız Avropa Məhkəməsinə şikayət edildikdən sonra xəbər tutduğunu vurğulayıb: "İddia edilən hadisə zamanı Azərbaycan Silahlı Qüvvələri hələ Talış kəndinə daxil olmamış, yalnız kənd ətrafındakı təpələri azad etmişdi. Odur ki, şikayətdə qeyd olunan hərəkətləri törədə biləcək hər hansı Azərbaycan hərbçisi orada olmayıb".

Hökumət onu da əlavə edib ki, ərizəçilər iddiaları ilə bağlı heç vaxt Azərbaycan tərəfinə müraciət etməyib və bu məqsədlə mövcud diplomatik kanallardan yararlanmayıblar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Həm bu əməliyyatlar, həm də öncəki illərin hərbi toqquşmaları zamanı hər iki tərəfdən mülki şəxslərin öldürüldüyü, vəhşiliklər törədildiyi bildirilir.