Son illər aralarındakı münasibətlərin qadağalar səviyyəsinə qədər gərginləşdiyi Azərbaycan ilə Avropa Şurası (AŞ) arasında əməkdaşlıq məsələləri yenidən gündəmə gəlib. Tərəflər hüquq və ədliyyə sahəsində uzunmüddətli əməkdaşlığı müzakirə ediblər.
Bu barədə bu gün, iyulun 8-də Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub. Bildirilir ki, ədliyyə nazirinin müavini Toğrul Hüseynov Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə baş direktoru Canluka Espozito ilə görüşüb.
Nazirliyin məlumatına görə, görüşdə tərəflər arasında hüquq və ədliyyə sahəsindəki uzunmüddətli, "uğurlu əməkdaşlıq" vurğulanıb: "Həmçinin məhkəmə ekspertizası, probasiya, məhkəmə qərarlarının icrası, hüquqi təhsil və elmi tədqiqat istiqamətləri üzrə əməkdaşlığın prioritet olduğu diqqətə çatdırılıb. Tərəflər Avropa Şurasının müxtəlif institutları və komitələri ilə qarşılıqlı fəaliyyət, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində əldə olunan nəticələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar".
Son iki ildə nələr baş vermişdi?
Halbuki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmişdi. Buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi göstərilirdi. Cavab addımı olaraq rəsmi Bakı bu qərara səs verən AŞPA deputatlarının ölkəyə gəlişinə "stop" qoydu və o vaxtdan bəri Azərbaycandan Assambleyaya nümayəndə heyəti göndərilmədi.
Üstəlik, son illər Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Rəsmi Bakı bu tənqidlərə konkret münasibət bildirməsə də, ötən ildən etibarən AİHM qərarları daha kəskin dartışma mövzusuna çevrilib. Məsələn, prezident İlham Əliyev ADA Universitetində keçirilən forumdakı çıxışında bu məsələyə toxunaraq demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu, bizim mövqeyimizdir".
Avropa Şurasının şərtləri
Ötən həftə AŞPA prezidenti Petra Bayr AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın quruma qayıtma şərtlərini açıqlayıb: "Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı 'qara siyahı'dan bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin, o cümlədən iki həmməruzəçidən birinin Azərbaycana girişi qadağandır".
Bayr həmçinin əlavə edib ki, rəsmi Bakı bu prosesdə səmimidirsə, ən azından tanınmış bəzi siyasi məhbusları azadlığa buraxmalıdır.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub, insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəliklər götürüb. Bununla belə, ölkə hələ də qurumun monitorinqi altındadır.