Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 07:54

İşgəncələrə qarşı Komitə Azərbaycanda rəsmilərlə danışıqlar aparıb

CPT ötən ilin iyulunda bəyanat yayaraq Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyirdi.
CPT ötən ilin iyulunda bəyanat yayaraq Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyirdi.

Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) təmsilçiləri bu yaxınlarda Bakıda yüksəksəviyyəli görüşlər keçiriblər. Nümayəndə heyətinə CPT prezidenti Alan Mitçel rəhbərlik edib.

Aprelin 2-də keçirilən danışıqlar CPT ilə Azərbaycan hakimiyyəti arasında əməkdaşlığın vəziyyətinə həsr olunub. Avropa Şurasının yaydığı xəbərə görə, xüsusilə hüquq-mühafizə orqanları, eləcə də həbsxanalar və psixiatriya müəssisələri ilə bağlı CPT-nin uzunmüddətli tövsiyələrinin icrasına diqqət yetirilib. CPT-nin 2025-ci ilin sentyabr-oktyabr aylarında gerçəkləşdirdiyi dövri səfərin nəticələrinə istinad olunub. Bu nəticələr bu il martın ortalarında hakimiyyət orqanlarına təqdim edilib.

CPT təmsilçiləri daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və səhiyyə nazirinin müavini Nadir Zeynalov ilə görüşüb.

CPT ötən ilin iyulunda bəyanat yayaraq Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyirdi. Qurum bildirirdi ki, hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib, ancaq Daxili İşlər Nazirliyi onun çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos isə Azərbaycan hakimiyyətini komitə ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırmışdı.

Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

XS
SM
MD
LG