İranda daha iki siyasi məhbus edam edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

İran rejimi 'edam maşını'nı sürətləndirir

İran məhkəmə sistemi mayın 21-də iki nəfərin edam olunduğunu açıqlayıb. ABŞ və İsraillə davam edən münaqişə fonunda ölkədə siyasi edamların sayı kəskin artmaqdadır.

İranın "Tasnim" agentliyinin məlumatına görə, həmin şəxslər dövlət təhlükəsizliyini pozmaq üçün qrup yaratmaqda və rəsmi Tehranın "terrorçu" elan etdiyi təşkilata üzv olmaqda günahlandırılıblar. Agentlik onların Ramin ZalehKərim Marufpur olduğunu bildirib.

Rəsmi açıqlamaya görə, hər iki şəxs ölkənin qərbində SEPAH komandirinə qarşı sui-qəsddə əlbir olduqlarını və hücum üçün silah saxladıqlarını etiraf edib. Lakin bu etirafların hansı şəraitdə alındığı barədə məlumat verilmir.

Beynəlxalq hüquq müdafiə təşkilatları isə bu cür məhkəmə proseslərini kəskin pisləyirlər. Osloda yerləşən İranda İnsan Haqları Mərkəzi (CHRI) bəyan edib ki, ölkədəki bir çox məhkəmə işləri işgəncə, məcburi etiraflar və hüquqi prosedurların tamamilə pozulması ilə müşayiət olunur.

İranda edam dalğası xüsusilə fevralın 28-də ABŞ və İsraillə müharibə başladıqdan bir neçə həftə sonra daha da genişlənib.

Norveçdə fəaliyyət göstərən "Iran Human Rights" və Parisdə yerləşən "Together Against the Death Penalty" təşkilatlarının hesabatına əsasən, ötən il İranda azı 1639 nəfər edam edilib ki, onların da 48-i qadındır. Qeyd olunur ki, İran dünyada ölüm hökmünün ən çox icra olunduğu ölkələrdən biridir.

'Amnesty International': İran 2025-ci ildə 'dəhşətli sayda' insan edam edib

"Amnesty International" təşkilatının mayın 18-də yaydığı hesabata görə, İran 2025-ci ildə 2 min 159 nəfəri edam edib.

Bu göstərici dünyada ölüm hökmlərinin icrasını 1981-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb. Təşkilat ötən il qlobal miqyasda azı 2 min 707 nəfərin edam olunduğunu açıqlasa da, bu statistika Çindəki göstəriciləri əhatə etmir. "Amnesty" rəsmi Pekinin ölüm hökmündən kütləvi şəkildə istifadə etdiyini, lakin dəqiq rəqəmlərin dövlət sirri olaraq saxlanıldığını bildirib.

2025-ci ildə qlobal edam sayı 2024-cü illə müqayisədə 35 faizdən çox artıb. Bu artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Yəmən, Sinqapur və ABŞ-də qeydə alınıb. Hesabatda vurğulanır ki, mənfi tendensiya vətəndaş cəmiyyətini məhdudlaşdıran, fərqli düşünənləri susduran və beynəlxalq hüququ heçə sayan ölkələrdə daha qabarıqdır.

İrandakı "dəhşətli artım" rəsmi Tehranın ölüm hökmündən "siyasi repressiya və nəzarət aləti" kimi istifadə etməsi ilə izah olunur. Proses xüsusilə 2025-ci ilin iyununda İsraillə müharibə başladıqdan və kütləvi hökumət əleyhinə etirazlardan sonra sürətlənib. İrandakı edam sayı son 45 ilin rekordunu qırsa da, müxtəlif müstəqil qurumların statistikasında fərqlər var. Məsələn, Norveçdə yerləşən "Iran Human Rights" təşkilatı ötən il İranda azı 1 min 639 nəfərin edam edildiyini iddia edir. Tehran isə 2026-cı ilin əvvəlindən bəri cəmi 30 nəfərin edam olunduğunu təsdiqləyib.

Digər ölkələrdə də ölüm hökmlərinin icrasında kəskin sıçrayış baş verib: Ötən il Səudiyyə Ərəbistanında 356 (2024-cü ildə 345), Küveytdə 17 (2024-cü ildə 6), Misirdə 23 (2024-cü ildə 13), Yəməndə isə azı 51 (2024-cü ildə 38) nəfər edam edilib. ABŞ-də isə xüsusilə Florida ştatındakı misli görünməmiş artım (19 nəfər) səbəbindən ölkə üzrə ümumi rəqəm 47-yə yüksəlib. Bu, ABŞ-də 2009-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.