Moskvanın Avropa demokratiyalarına qarşı kölgə müharibəsini gücləndirməsi fonunda Almaniyanın silahlı münaqişəyə cəlb olunma riski yaranıb. Belə bir xəbərdarlıqla oktyabrın 5-də ölkənin xarici kəşfiyyat rəhbəri çıxış edib.
"Rusiya ilə üzləşdiyimiz qarşıdurma yeni, daha təhlükəli miqyas alıb", – Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeqer parlamentdə kəşfiyyat rəhbərlərinin illik açıq dinləməsində bildirib.
"Almaniya Rusiya ilə silahlı münaqişəyə cəlb olunmaq təhlükəsi ilə üzləşir. Leypsiqdəki hücum cəhdi yalnız bir nümunədir", – deyən Yeqer Rusiyanın kölgə müharibəsi apardığını, Almaniyadakı hədəflərə hücum təhlükəsinin isə "real və yaxın" olduğunu vurğulayıb.
Almaniya hakimiyyəti Rusiyanın dron və kiberhücumlara vasitəsilə hibrid kampaniya apardığı barədə dəfələrlə xəbərdarlıq edib, avqustda Leypsiq hava limanına dron hücumu cəhdində Moskvanı günahlandırıb.
Rusiya prezidenti Vladimir Putin ötən həftə deyib ki, "Rusiyanın heç kimə hücum etmək niyyəti yoxdur... amma təcavüzə məruz qalsaq, cavab verməkdən başqa seçimimiz qalmayacaq".
"Rusiya bizi sınağa çəkir"
Yeqer Moskvanın öz məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə hazır olduğunu, Rusiya kəşfiyyatının Almaniya ərazisində və bu ölkəyə qarşı getdikcə daha aqressiv əməliyyatlar apardığını bildirib.
"Rusiya bizi sınağa çəkir və bu vəziyyətdə necə addım atdığımızı diqqətlə izləyir", – Yeqer vurğulayıb. Bununla belə, o, Rusiyanın yaxın zamanda NATO ərazisinə genişmiqyaslı hücum edəcəyinə dair heç bir əlamətin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya Baltikyanı ölkələrdə aşağı intensivlikli hərbi fəaliyyətlərə əl ata bilər. Almaniya isə daha çox müdaxilə və qorxutma cəhdinə, o cümlədən nüvə hücumu təhdidlərinə hazır olmalıdır.
Kəşfiyyat rəhbəri əlavə edib ki, Moskva Ukraynaya ən böyük dəstək verən Almaniyanı bu addımından daşındırmağa çalışır.
Oktyabrın 4-də Kiyevə səfər edən Almaniya kansleri Fridrix Merts Ukrayna üçün yeni yardım paketi elan edib. Bundan bir gün əvvəl isə Rusiya diplomatlar da daxil olmaqla, xarici vətəndaşlara xəbərdarlıq etmişdi ki, Ukraynaya gəlsələr, "ölüm təhlükəsi" ilə üzləşəcəklər.
Merts Kiyevə çatdıqdan az sonra şəhərin meri Vitali Kliçko Rusiyanın paytaxtdakı körpülərdən birini vurduğunu bildirib. Son günlər Dnepr çayı üzərindən Kiyevin qərb və şərq hissələrini birləşdirən digər iki körpüyə də zərbələr endirilmişdi.