Almaniyanın Baş Prokurorluğu Berlindəki "Rusiya Elm və Mədəniyyət Evi"nin fəaliyyətini araşdırır. Almaniya hökuməti bir ay əvvəl bu mərkəzi bağlayaraq onun əməkdaşlarını Rusiyaya deportasiya edib.
Prokurorluq "Rus Evi"nin icarəçilərinin sanksiya rejimini pozub-pozmadığını yoxlayır.
Dünyanın 71 ölkəsində fəaliyyət göstərən "Rus evləri" şəbəkəsi Rusiyanın "Rossotrudniçestvo" federal agentliyinə məxsusdur. Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayandan az sonra - 2022-ci ilin iyulunda "Rossotrudniçestvo" Avropa İttifaqının (Aİ) iqtisadi sanksiyalar siyahısına salınıb. Amma Avropadakı "Rus evləri" fəaliyyətini davam etdirə bilib: sanksiyalar mərkəzlərin birbaşa bağlanmasını deyil, digər şirkət və fiziki şəxslərin onlarla maliyyə əlaqələrinə girməsini qadağan edir.
2026-cı il avqustun 4-də Leypsiq hava limanında Rusiya dronları ilə bağlı insidentdən sonra Almaniya hökuməti Berlindəki "Rus Evi"ni bağlamaq qərarı verib. Sentyabrın 10-da onun bütün əməkdaşları Almaniyanı tərk edib.
Şirkətləri yoxlayırlar
Almaniyanın Baş Prokurorluğu "Rus Evi"nin binasında sahə icarəyə götürmüş çoxsaylı şirkətləri yoxlayır. Fridrixştrassedəki bu binada "Rossotrudniçestvo"nun filialı ilə yanaşı, tərcümə bürosu, viza agentliyi, "Rusiya poçtu"nun şöbəsi, rus mətbəxi yeməkxanası, Latviyanın "Mnoqokniq" ticarət şəbəkəsinə aid rusdilli kitab mağazası kimi bir çox müəssisə fəaliyyət göstərib. Onların əksəriyyəti bu gün də binada işini davam etdirir. Prokurorluq bu şirkətlərin sanksiya altında olan "Rossotrudniçestvo"nun binasında icarə haqqını hansı hüquqi əsaslarla ödədiyini araşdırır.
AzadlıqRadiosunun rus xidməti yazır ki, yoxlamaların məqsədi binadakı obyektlərdən toplanan icarə haqlarının son nəticədə kimin cibinə getdiyini müəyyən etməkdir. Çünki Aİ sanksiyalarına əsasən, agentliyin Avropada gəlir əldə etməsi qadağandır. Baş Prokurorluq həmçinin "Rossotrudniçestvo"nun 2022-2026-cı illərdə "Rus Evi"ndə təşkil etdiyi konsertlər, ədəbi gecələr və rus dili kurslarından yığılan vəsaitlərində aqibətini aydınlaşdırmağa çalışır.
Ehtimallara görə, "Rossotrudniçestvo" Berlindəki gəlirlərini gizli saxlamaq üçün vasitəçi şirkətlər zəncirindən istifadə edib. Hətta binada yer icarəyə götürən bir çox şirkətlərin kimliyini müəyyənləşdirmək çətinlik yaradıb. "Süddeutsche Zeitung" yazır ki, bu müəssisələrin arxasında kimlərin dayandığı və əldə olunan qazancların yekunda hara ötürüldüyü barədə dəqiq məlumat yoxdur.
Casusluq iddiaları
Dünyanın müxtəlif ölkələrindəki "Rus evləri"nin rəsmi missiyası mədəni mübadiləni təşviq etmək, rus dilini və mədəniyyətini tanıtmaqdır. Amma hələ 2016-cı ildə Avropa Parlamenti qəbul etdiyi qətnamədə "Rossotrudniçestvo"nu "Rusiya təbliğatının aparıcı aləti" adlandırıb. 2022-ci ilin iyulunda isə Aİ bildirib ki, bu agentlik "Rusiyanın xaricdəki həmvətənlərini və təsir agentləri şəbəkəsini idarə edən çətir təşkilatdır". Almaniya mediası dəfələrlə Berlindəki "Rus Evi"nin Rusiya xüsusi xidmət orqanları üçün casusluq yuvası və örtük rolunu oynadığını yazıb.
Azərbaycandakı "Rus Evi"nin ləğvi prosesi ötən ilin dekabrında başa çatıb. Rəsmilər bunu mərkəzin ölkədə uzun müddət qeydiyyatsız fəaliyyət göstərməsi ilə əlaqələndiriblər. Nəticədə 2025-ci ilin əvvəlində Bakıdakı "Rus Evi" hüquqi qeydiyyatı olmadığı üçün tamamilə bağlanıb. Bundan əvvəl hökumət mediası "Rus Evi"ni casusluqda ittiham edib. Buna baxmayaraq, "Rossotrudniçestvo"nun ovaxtkı rəhbəri Yevgeni Primakov deyirdi ki, Moskva ilə Bakı məsələ ilə bağlı kompromis variantlar və yeni qeydiyyat formatı üzərində müzakirələri davam etdirir.
Bütün bunlar Bakı ilə Moskva arasında siyasi gərginlik fonunda cərəyan edib. 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Qroznı üzərində vurulandan sonra qəzaya uğraması 38 nəfərin ölümü ilə nəticələnib. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarları cəzalandırmağı və kompensasiya ödəməyi tələb edirdi. Bu ilin aprelində Azərbaycan və Rusiya tərəfinin sözügedən təyyarə qəzası ilə bağlı yekun razılığa gəldiyi elan olunub.