Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:06

Kallas: Lavrovun istehzası Rusiyanın sülh istəmədiyini göstərir

Lavrov-Vadeful görüşü
Lavrov-Vadeful görüşü

Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT-dəki görüşdən sonra almaniyalı həmkarı Yohann Vadefula münasibəti Moskvanın Ukraynada sülhdə maraqlı olmadığını göstərir. Bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas sentyabrın 28-də bildirib.

Lavrovla Vadeful sentyabrın 26-da Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Bu, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya genişmiqyaslı hücuma başlayandan Almaniya və Rusiya xarici işlər nazirlərinin ilk görüşü idi.

Lavrov həm həmin gün BMT-dəki çıxışında, həm də daha sonra keçirdiyi mətbuat konfransında Vadefulla görüşünə istehza edib. O, Almaniyanın Rusiyanı Ukraynaya hücumları dayandırmaq çağırışlarını da rədd edib.

"Avropadan kənarda bir çox ölkə bizə "ruslarla danışın, onda nəticə olacaq" deyir. Amma bu görüş bir daha göstərir ki, Rusiya əslində sülhdə qətiyyən maraqlı deyil. Əks halda, görüşdüyün həmkarına qarşı belə bir münasibət göstərməzsən", – Kallas Lavrovun rəftarını tənqid edib.

Kallasa görə, Vadeful görüşdə Ukraynadakı müharibənin səngidilməsi, eləcə də Avropadakı hibrid hücumlar məsələsini qaldırıb. Berlin avqustda Leypsiq hava limanında uçuşların dayandırılmasına səbəb olan dron insidentlərində birbaşa Rusiyanı günahlandırmışdı.

Lavrov isə sentyabrın 26-da de-eskalasiya çağırışlarına məhəl qoymayaraq döyüşlərin "sona qədər" davam edəcəyini bildirib. O, Berlini Ukraynanın əsas dəstəkçisi olmaqda və yenidən Avropanın aparıcı hərbi gücünə çevrilməyə çalışmaqda ittiham edib.

"Berlin bunun nə ilə nəticələnə biləcəyini anlayırmı? Məgər onlar İkinci Dünya müharibəsindən heç bir dərs almayıblar?", – Lavrov BMT Baş Assambleyasındakı çıxışında sual edib.

Rusiya XİN rəhbəri onu da əlavə edib ki, Almaniya BMT-nin Təhlükəsizlik Şurasında daimi üzvlük statusu əldə etməyə çalışarsa, Moskva buna veto qoyacaq.

​
XS
SM
MD
LG