Aİ Usmanov və Fridmanı sanksiya siyahısından çıxarır

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Fransa ilə siyasi alverə gedir? – Usmanov ssenarisi

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyaları daha üç il uzatmağa razılaşıblar. Eyni zamanda, rusiyalı iş adamları Alişer Usmanov Mixail Fridman sanksiya siyahısından çıxarılıb. Bu barədə AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak məlumat yayıb.

Daha əvvəl Latviya bu qərara qarşı çıxsa da, sonradan razılıq verib. Jurnalistin bildirdiyinə görə, Latviya Usmanov və Fridmana qarşı öz daxili (milli) sanksiyalarını tətbiq edəcək.

Aİ sanksiyaları üç il uzada, Usmanov və Fridmanı siyahıdan çıxara bilər

Sentyabrın 21-də Avropa İttifaqı üzvlərinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqəli təxminən 3 min şəxs və təşkilata sanksiyaların uzadılması barədə yekun razılığa gələ bilməyiblər. Buraya prezident Vladimir Putinə sanksiyalar da daxildir. AzadlıqRadiosunun müxbiri Rikard Yozvyakın yazdığına görə, müzakirələr bu gün – sentyabrın 22-də davam etdiriləcək.

Bundan bir neçə saat əvvəl səfirlərin kompromisə gəldiyi barədə xəbərlər yayılmışdı. Razılaşmaya əsasən, sanksiyaların həmişəki kimi altı aylıq deyil, birbaşa üç illiyə uzadılması nəzərdə tutulur. Bununla yanaşı, rusiyalı iş adamları Alişer Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılacağı güman edilir.

"Reuters" agentliyi bir neçə diplomata istinadən yazıb ki, yaxın vaxtlarda ölkələrdən heç biri buna etiraz etməsə, qərar qüvvəyə minəcək.

AzadlıqRadiosunun müxbiri "yazılı prosedur" adlandırılan prosesin başladığını bildirib. Onun müddəti sentyabrın 21-i saat 22:00-dək uzadılsa da, gecə yarısınadək başa çatdırılmayıb.

Səfirlər bu gün də razılığa gələ bilməsələr, sanksiyaların qüvvədə olma müddəti sentyabrın 22-si gecəyarısı bitəcək. Ötən həftə sanksiyaların müddəti yeddi gün uzadılmışdı.

Usmanovun siyahıdan çıxarılmasını Fransa və Slovakiya tələb edir. Slovakiya Fridmana sanksiyaların ləğvini də dəstəkləyib. Fransanın bu mövqeyi gözlənilməz olub. "Politico" yazır ki, Paris bunun "konkret milli təhlükəsizlik problemi" ilə bağlı olduğunu bildirib, səbəblərini izah etməyib.

"The Financial Times"ın məlumatına görə, Usmanova qarşı sanksiyaların ləğvi Azərbaycanla əldə ediləcək razılaşmanın bir hissəsi ola bilər. Bildirilirdi ki, bu addım Azərbaycanda həbsdə olan iki Fransa vətəndaşının azadlığa buraxılması qarşılığında atıla bilər. Rəsmi Bakı isə bu iddialarla bağlı hər hansı açıqlama verməyib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Fridman və Usmanova qarşı sanksiyaların ləğvinə etiraz edib. O bildirib ki, sanksiyaların tətbiqindən bəri heç nə dəyişməyib və sanksiyaların əksinə, gücləndirilməli olduğu bir vaxtda onların ləğvi Moskvaya yanlış siqnal göndərər.

Usmanov və Fridman Vladimir Putinə yaxın, Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsində iştirak edən iri sahibkarlar kimi sanksiya siyahılarına salınıblar. Hər iki işadamı məhkəmə yolu ilə sanksiyaların ləğvinə nail olmağa çalışıb.