Brüssel Ukrayna danışıqlarında Moskvaya tələblər irəli sürür

Brüsseldə Avropa Parlamenti binasının qarşısında Ukrayna bayraqları

Avropa İttifaqının (Aİ) baş diplomatı Kaya Kallasın blokun üzv ölkələri arasında paylaşdığı sənəddə Ukrayna ilə danışıqlarda Rusiyaya qarşı tələblər yer alıb. Danışıqlara Birləşmiş Ştatlar vasitəçilik edir, Aİ-nin hər hansı üzvü, yaxud Avropa ölkəsi cəlb olunmayıb.

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak yazır ki, tələblər sırasında Rusiyanın qoşun sayını azaltması, onları qonşu ölkələrdən çıxarması, reparasiya ödənişlər, cəmiyyəti demokratikləşdirmə ehtiyacı vurğulanır.

Müzakirə üçün yayılmış sənəddə deyilir ki, danışıqlar masasında Aİ olmasa, Aİ-nin əsas maraqları nəzərə alınmasa, sülh və təhlükəsizlik ola bilməz.

Sənəd Rusiyanın nə etməli olması barədə Aİ-nin "maksimalist" baxışını təqdim edir, Aİ-dən bir diplomatın dediyinə görə, "Rusiyanın Ukraynaya maksimalist tələblərinin qarşılığını veririk".

Kreml Ukraynanın Donbas vilayətinə tam nəzarət etmək istəyir, Ukraynanın qərbində NATO qüvvələrinin yerləşdirilməsinə qarşı çıxdığı bildirilir.

Aİ paytaxtları arasında gedən müzakirələrdə blokun sırf Rusiya ilə işləyəcək xüsusi elçisi postunun yaradılması götür-qoy edilir.

Sənəddə deyilir ki, Ukrayna qoşun sayını azaltmalı, onları bəzi ərazilərdən çıxarmalıdırsa, Rusiya da eynisini etməlidir. Ukraynanın işğal olunmuş ərazilərinin de-yure tanınmaması, bu ərazilərin demilitarizasiyası tələb olunur.

Rusiyanın dezinformasiya kampaniyalarını, sabotaj və kiberhücumları, hava məkanı pozuntularını dayandırması, Avropada və qonşu ölkələrdə seçkilərə müdaxilə etməməsi tələb olunur.

Reparasiya ilə bağlı deyilir ki, Rusiya Ukraynanın bərpasını kompensasiya etməli, ona töhfəsini verməlidir.

Aİ Rusiyanın 210 milyard avro məbləğində suveren sərvətini dondursa da, onu rəsmən konfiskasiya etməyib, yaxud Ukraynaya yönəltməyin yolunu tapa bilməyib.