Keçid linkləri

2026, 17 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:57

Ukraynanın Avropa İttifaqına daxil olma tarixini deməyə hazır deyillər

Kaya Kallas
Kaya Kallas

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallasın fikrincə, quruma üzv ölkələrin hökumətləri Ukraynanın birliyə daxil olmasının konkret tarixini deməyə, hələ, hazır deyillər.

Latviya prezidenti Edqars Rinkeviçs Kallasın şərhini dəstəkləyib. "Bəli, başa düşürük ki, Avropa İttifaqında Ukraynaya ehtiyacımız var. Amma, bəli, bir çox dövlət başçıları ilə söhbətlərdə onların üzvlüklə bağlı konkret bir tarixi qəbul etməyə hazır olmadığı təəssüratı yaranır", - o bildirib.

Rinkeviçs əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü böyük ölçüdə sülh müqaviləsi ilə bağlıdır: "Sülh sazişi olacaq, ya yox? Rusiyanın hansısa tədbirlər görəcəyini görmürəm və Rusiya heç bir tədbir görməsə, razılaşma da olmayacaq".

Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün təhlükəsizlik zəmanətləri çərçivəsində ölkəsinin Aİ-yə daxil olma tarixinə ehtiyac duyduğunu təkrarlayıb. "Sənəddə bir tarix yoxdursa, düşünürəm ki, Rusiya gələcəkdə üzvlüyümüzü bloklayacaq", - Zelenski əlavə edib.

"Reuters"in məlumatına görə, Ukraynanın 2027-ci ildə bu quruma qoşulması ABŞ, Ukrayna və Aİ arasında müzakirəsi gedən 20-bəndlik sülh planına ilkin olaraq daxil edilmişdi. Lakin Aİ-nin bir çox hökuməti bu və ya digər hər hansı müəyyən tarixin qeyri-real olduğuna inanır. Çünki Aİ-yə üzvlük, digər məsələlərlə yanaşı, namizəd ölkənin qanunlarının bu qurumun standartlarına uyğunlaşdırılmasından asılı olan bir prosesdir.

Ukrayna 2022-ci ilin fevralında Rusiya tammiqyaslı işğala başladıqdan qısa müddət sonra Aİ-yə qoşulmaq üçün müraciət edib.

XS
SM
MD
LG