İyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen əvvəlcə təkbətək, sonra isə geniş heyətlə görüşüblər. Görüşün ardınca isə jurnalistlərə açıqlama veriblər.
AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, region üzrə ticarətin 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür.
Prezident həmçinin bildirib ki, Azərbaycandan ixrac olunan təbii qazın yarısı məhz Aİ ölkələrinə göndərilir.
Fon der Lyayen isə qeyd edib ki, Aİ hazırda Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. O əlavə edib ki, bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər: "Biz müfəssəl əməkdaşlıq sazişi üzərində işləri davam etdiririk ki, Azərbaycanla Avropa İttifaqı arasında ticarət əlaqələri daha da genişləndirilsin".
Avropa Komissiyasının rəhbəri Bakı səfərindən sonra Ermənistana yollanacaq.
Avropa Komissiyasının prezidenti Azərbaycana gəlib
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfərə gəlib.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər proqramı çərçivəsində fon der Lyayenin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Avropa Komissiyasının rəhbəri Bakıdan sonra Ermənistana səfər edəcək.
+++
"Avropa İttifaqı Cənubi Qafqazın sülh, firavanlıq və inteqrasiya içində parlaq gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik". Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu sözləri "X" hesabında Bakı səfəri ilə bağlı paylaşımında yazıb.
"Mən həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığı dərinləşdirmək üçün buradayam – ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər hər bir sahədə", – o vurğulayıb.
'Səfərdə insan haqlarını açıq danışın' – həbsdəki jurnalistlərdən Ursula fon der Lyayenə çağırış
"AbzasMedia" işi üzrə həbs olunan jurnalistlər Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana gözlənilən səfəri ərəfəsində ona açıq məktub ünvanlayıblar.
Müraciətdə ölkədə tənqidi səslərin boğulduğu, müstəqil jurnalist və fəalların qondarma ittihamlarla həbs olunduğu bildirilir. Jurnalistlər Avropa Komissiyasının rəhbərini Azərbaycan rəsmiləri ilə görüşlərində insan haqları pozuntularını gündəmə gətirməyə və bu barədə təkcə qapalı qapılar arxasında yox, həm də ictimaiyyət qarşısında danışmağa çağırırlar.
Məktubda vurğulanır ki, Aİ Azərbaycanla enerji və iqtisadi sahədə əməkdaşlıq edərkən insan haqları məsələlərini arxa plana atmamalıdır.
Bənzər məzmunlu başqa bir məktubda isə həbsdə olan bir qrup fəal Bakı ilə Aİ arasındakı son müsbət dinamikanı alqışlayıb. Bununla belə, fəallar hesab edirlər ki, dayanıqlı və etibarlı tərəfdaşlıq yalnız iqtisadi və strateji maraqlar üzərində qurulmamalıdır: "İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz, əsas sütunlarından biri olmalıdır. Sizi bu məsələni Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq".
Avropa Komissiyası və Azərbaycan rəsmiləri hələlik müraciətlərə cavab verməyib.
"Abzas Media işi"
"Abzas Media" nəşrinə qarşı həbs dalğası 2023-cü ilin noyabrında qaçaqmalçılıq və digər ittihamlarla başlayıb. Ötən ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova ilə Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzasına məhkum edilib.
Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Rəsmi Bakı isə bu rəqəmləri rədd edərək ölkədə siyasi məhbus olmadığını bildirir. Rəsmilərə görə, adları həmin siyahılarda keçən şəxslər törətdikləri konkret qanun pozuntularına görə cəzalandırılıblar.
Azərbaycan-Aİ münasibətləri
Azərbaycan Aİ ilə əməkdaşlığını 2009-cu ildə təsis olunmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində davam etdirir. Proqramın digər üzvləri olan Ukrayna, Moldova və Gürcüstan artıq namizəd statusu qazansa da, Tbilisinin inteqrasiya prosesi mübahisəli qanunlar və seçki gərginliyi səbəbindən dayandırılıb. Belarus proqramdakı iştirakını dondurub, Ermənistan isə illər əvvəl hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildən bəri davam edən danışıqlar isə hələ başa çatmayıb.