Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 14:51

Enerjidən süni intellektə uzanan tərəfdaşlıq: İlham Əliyev Kaya Kallası qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallası qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallası qəbul edib

Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Kallas Azərbaycanın Aİ üçün önəmli tərəfdaş olduğunu vurğulayıb. Prezident Əliyev isə Aİ ilə enerji, nəqliyyat bağlantıları, təhlükəsizlik və ticarət sahələrindəki əməkdaşlığın inkişaf perspektivlərini qeyd edib.

Söhbət zamanı tərəflər rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji sahələrində tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, Aİ-nin Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Bayramov Kallasla görüşüb

Mayın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə Azərbaycanla Aİ arasında dialoq mexanizmlərinin canlandırılması, yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və "Tərəfdaşlıq Prioritetləri" sənədi ətrafında aparılan müzakirələrin əhəmiyyəti xüsusi vurğulanıb.

"Tərəflər həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, eləcə də "yaşıl enerji" və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və etibarlı tərəfdaş rolu yüksək qiymətləndirilib", - məlumatda bildirilir.

Avropa İttifaqının baş diplomatı Azərbaycandadır

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün, mayın 5-də Azərbaycana gəlib. Qurumun Bakıdakı nümayəndəliyinin məlumatına görə, Kallas Azərbaycanın Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşı olduğunu bildirərək Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

"Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur. Biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlıq formatını müzakirə etməyə hazırıq. Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", –o vurğulayıb.

Səfər çərçivəsində Kallasın Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama həmçinin Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxildir.

Ukrayna, Moldova və Gürcüstanla artıq assosiasiya sazişləri imzalanıb və onlara namizəd statusu verilib. Lakin Gürcüstanda qəbul edilən "xarici agentlər" və cinsi azlıqlarla bağlı mübahisəli qanunlar, habelə 2024-cü il parlament seçkilərindən sonrakı gərginlik səbəbindən Tbilisinin Aİ-yə inteqrasiya danışıqları dayandırılıb. Belarus isə lap əvvəldən proqramda iştirakını dayandırdığını elan edib.

Ermənistanla illər öncə hərtərəfli tərəfdaşlıq sazişi imzalansa da, Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildə başlayan danışıqlar hələ də yekunlaşmayıb. Yerli müxalifət hakimiyyəti islahatlardan yayınmaq üçün prosesi bilərəkdən uzatmaqda ittiham edir. Rəsmi Bakı isə ölkədə bütün fundamental azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG