Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 07:52

Əliyev Aİ Şurası prezidentinə: '...10 milyard kubmetr əlavə qazımız olacaq'

Antoniu Koşta və İlham Əliyev
Antoniu Koşta və İlham Əliyev

"Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir". Bunu martın 11-də Bakıda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurası prezidenti Antoniu Koşta Azərbaycan prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.

"Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik... Biz həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq", - o əlavə edib.

A.Koştanın sözlərinə görə, İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda enerji sahəsində hazırkı tərəfdaşlıqlar heç zaman olmadığı kimi daha əhəmiyyətlidir: "Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir".

ABŞ və İsrail fevralın 28-də İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir. İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri İranın nüvə proqramını təhdid sayır, bu ölkədə azadlıqların silah gücünə yatırılması tənqidlərə səbəb olub. Lakin tərəflərin, əsasən, nüvənin zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı illərlə çəkən danışıqları nəticəsiz qalıb.

ABŞ-İsrail-İran müharibəsi neft və qazın bahalaşmasına səbəb olub.

Əliyev: "Minimum 10 milyard kubmetr əlavə qazımız olacaq"

Prezident Əliyev isə deyib ki, onlar üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracının yarısını təşkil edir: "Bugündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq".

Ötən il Azərbaycanda 51.5 milyard kubmetr təbii qaz hasil edilib. Onun 25.2 milyard kubmetri ixrac olunub. 12.8 milyard kubmetri Avropaya, 9.6 milyard kubmetri Türkiyəyə, 2.3 milyard kubmetri Gürcüstana, 0.5 milyard kubmetr isə Suriyaya göndərilib.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edib. Proqrama Azərbaycandan başqa Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxil idi.

Əvvəlcə Ukrayna, Moldova və Gürcüstanla assosiativ saziş imzalayıblar. Sonradan onlara namizəd statusu verilib. Lakin Gürcüstanda "xarici agentlər", cinsi azlıqlara dair mübahisəli qanunlar və 2024-cü ildə kütləvi etirazlar doğuran parlament seçkilərindən sonra bu ölkə ilə danışıqlar dayandırılıb.

Belarus isə lap əvvəldən Aİ ilə əməkdaşlığı dayandırmışdı.

Qalan ölkələrdən Ermənistanla isə illər öncə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da hələ 2017-ci ildə belə danışıqlar başlasa da, real nəticə yoxdur.

Müxalifət hesab edir ki, hakimiyyət bilərəkdən daşıqları uzadır, çünki siyasi, iqtisadi islahatlara getmək istəmir, azadlıqları boğur. Rəsmilər isə iddia edirlər ki, ölkədə bütün fundamental hüquqlar qorunur.

XS
SM
MD
LG