Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Avropa İttifaqı Kulevi limanına sanksiya qoymamaq qərarı verib

Azərbaycan Rusiyanın 'kölgə donanması'na kömək edib?
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Azərbaycan Rusiyanın 'kölgə donanması'na kömək edib?

Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketindən çıxarıb. Bunu Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə məktubunda yazır. Məktubda qeyd olunur ki, Gürcüstan hakimiyyəti və Azərbaycanın SOCAR dövlət şirkəti fəaliyyətlərini "ciddi şəkildə" Aİ-nin müvafiq sanksiyalarına uyğun həyata keçirmək öhdəliyi götürüblər. "Exo Kavkaza" AzadlıqRadiosunun gürcü xidmətinin də əldə etdiyi məktub barədə yazır.

Məktubda deyilir ki, Aİ Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üzərində işləyir, bu məqsədlə Rusiya neft məhsullarının ixracını məhdudlaşdırmaq üçün tədbirləri gücləndirir. Rusiya və üçüncü ölkələrdə yerləşən, sanksiyalardan yan keçməklə bu fəaliyyətləri dəstəkləyən əməliyyatlara qadağa tətbiq edilir.

Gürcüstanda yerləşən Kulevi limanının ilkin mərhələdə 20-ci sanksiya paketinə salınması nəzərdən keçirilirdi. Bu, limanın Rusiyanın neftinin dəniz yolu ilə daşınmasındakı rolu, "kölgə donanması"na aid tankerlərin limana daxil olması ilə bağlı idi.

Məktubda bildirilir ki, Gürcüstan hakimiyyəti və limanın operatorunun öhdəliklər götürməsi ilə vəziyyət yenidən qiymətləndirilib.

"Gürcüstan tərəfi Aİ-nin sanksiya siyahısında yer almış gəmilərin ölkə limanlarına daxil olmasına və xidmət almasına icazə verməmək öhdəliyi götürüb. SOCAR isə fəaliyyətini Aİ-nin sanksiyalarına tam uyğun şəkildə həyata keçirəcəyini bildirib. Buraya Rusiya xam nefti və bu neftdən istehsal olunan məhsulların idxalına qadağalar, maksimum qiymət həddi qaydalarına riayət etmək daxildir", – Devid O'Sallivan yazır.

Xatırlatma

Kulevi limanının sanksiya siyahısında yer alacağı ehtimalı fevralda yayılıb. Onda media yazmışdı ki, İtaliya və Macarıstan limanın sanksiya paketinə salınmasına qarşı çıxıblar. Mümkün sanksiyalar isə limanın Rusiyaya bağlı xam neft və neft məhsullarının daşınması üçün istifadə olunması ilə əsaslandırılırdı.

Gürcüstanın baş naziri İrakli Kobaxidze sonradan jurnalistlərə deyib ki, hakimiyyət Avropa Komissiyasına Kulevi limanı haqda tam məlumat təqdim edib, bu məlumatlar limanda sanksiya rejiminin pozulmadığını təsdiqləyir.

Ötən ilin oktyabrında "Reuters" agentliyi Rusiyanın "Russneft" şirkətinin Kulevidə yeni tikilmiş neft emalı zavoduna ilk neft partiyasını göndərdiyini yazıb. Sonradan Böyük Britaniya həmin şirkətə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG