Ukrayna ordusunun istifadə etdiyi peyk rabitəsinə qoyulan məhdudiyyətlərlə bağlı Kiyev hələ də Pentaqondan və İlon Maskın "SpaceX" şirkətindən cavab almayıb. Bunu AzadlıqRadiosuna Ukraynanın Vaşinqtondakı baş diplomatı bildirib. ABŞ Konqresində isə həm demokratlar, həm də respublikaçılar məsələ ilə bağlı araşdırma aparılmasını tələb edirlər.
"Sürət məhdudiyyətləri aradan qaldırılmayıb", – Ukraynanın ABŞ-dəki müvəqqəti işlər vəkili Denis Senik oktyabrın 21-də bildirib. O, Kiyevin nə Pentaqondan, nə də "SpaceX"dən cavab ala bildiyini əlavə edib.
"Starlink" və onun hərbi məqsədlər üçün nəzərdə tutulmuş "Starshield" sistemi ətrafındakı mübahisə bir sıra suallar doğurub: məhdudiyyətlərə kim icazə verib, Tramp administrasiyasının bundan əvvəlcədən xəbəri olubmu və bu dəyişikliklər Ukraynanın Rusiya hücumlarından müdafiə imkanlarına necə təsir göstərib?
Konqresin nümayəndə heyəti Kiyevdə olub
Kiyev Rusiyanın hava hücumlarından müdafiə olunmaq üçün bu sistemdən çox asılıdır. Problemlər barədə ilk məlumatlar isə oktyabrın 13-14-də yayılıb.
Konqres nümayəndə heyətinin 13-16 oktyabr tarixlərində baş tutan səfəri zamanı "Starshield" sisteminə qoyulan məhdudiyyətlər qüvvədə olub. Bunu oktyabrın 21-də keçirilən brifinqdə bu yaxınlarda Kiyevdən qayıtmış Senat demokratlarının köməkçilərindən biri bildirib.
Nümayəndə heyətinin qiymətləndirməsinə əsasən, bu məhdudiyyətlər həm ukraynalı mülki şəxslərin, həm də ABŞ personalının həyatını təhlükəyə atıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
İlon Maskın 'Starlink'i Ukraynaya necə kömək edir
Saatda 280 mil (təxminən 450 kilometr) və daha yüksək sürətlə hərəkət edə bilən reaktiv mühərrikli Rusiya istehsalı "Qeran" dronları xüsusilə böyük problem yaradıb. Məlumatlara görə, "Starshield" sistemində sürət həddi əvvəlcə saatda təxminən 60 mil (97 kilometr), daha sonra isə 100 mil (161 kilometr) olaraq müəyyən edilib. Bu isə o deməkdir ki, daha sürətlə hərəkət edən obyektlərlə peyk rabitəsi kəsilə bilər.
Araşdırma tələbi
Demokratlar və bəzi respublikaçılar peyk rabitəsinin sürətinin azaldılması ilə bağlı araşdırma aparılmasına çağırıblar.
Kaliforniyadan olan senator Adam Şiff sosial şəbəkədə yazıb ki, bir-birinə zidd açıqlamalar Senatda hərtərəfli araşdırma aparılmasını zəruri edir. O, Maskın and içərək ifadə verməsini tələb edib.
Arizona ştatından olan senator Ruben Qalyeqo da Maskı qərarını könüllü şəkildə izah etməyə çağırıb.
Oktyabrın 21-də dövlət katibi Marko Rubio prezident Donald Trampın və ya ABŞ hökumətindəki hər hansı bir şəxsin bu sistemlərdə dəyişiklik tələb etmədiyini deyib.
Mumbayda çıxış edən Rubio "The Wall Street Journal" qəzetində çıxan məqaləni oxumadığını deyib. Həmin məqalədə Maskın sistemin sürətini azaltmaq barədə şəxsən göstəriş verdiyi iddia olunurdu. "Nə ABŞ prezidenti, nə də hökumətimizdən hər hansı bir şəxs bu sistemdə dəyişiklik tələb edib", - deyə Rubio bildirib.
Rusiyanın Ukraynaya hücumlarından dörd nəfər həlak olub
Oktyabrın 22-nə keçən gecə Rusiya qoşunları Kiyevə növbəti dəfə hücum edib. Hücum zamanı bir nəfər həlak olub, dördü uşaq olmaqla 22 nəfər xəsarət alıb. Fərdi evlərə, avtomobillərə, yaşayış və qeyri-yaşayış binalarına, həmçinin nəqliyyat infrastrukturuna ziyan dəydiyi açıqlanıb.
Xarkov vilayətinə zərbələrdən bir qadın həlak olub, 13 yaşlı oğlan isə yaralanıb. Digər xəsarət alanların da olduğu bildirilir.
Donetsk vilayətində Rusiyanın açdığı atəş nəticəsində iki nəfər həlak olub. Son sutka ərzində vilayətdə daha 9 nəfər yaralanıb.
Ukraynadakı itkilərlə bağlı xəbərlər yerli rəsmilərə istinadən yayılıb.