Keçid linkləri

2026, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:26

Putin Trampla Çində görüşməyi təklif etdi

Vladimir Putin Sankt-Peterburqda Stiv Uitkoffu qəbul edir. 21 oktyabr 2026
Vladimir Putin Sankt-Peterburqda Stiv Uitkoffu qəbul edir. 21 oktyabr 2026

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Çində görüşmək təklifini irəli sürüb. Rusiya dövlət televiziyasının yaydığı məlumata görə, Putin bu təklifi Sankt-Peterburqda Trampın xüsusi elçisi Stiv Uitkoffu qəbul edərkən səsləndirib.

Kreml daha əvvəl Putin, Tramp və Si Cinpinin gələn ay Çindəki APEC sammiti çərçivəsində üçtərəfli görüş keçirə biləcəyini açıqlamışdı.

Dövlət televiziyasının xəbərinə görə, Putin Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın bərpasının müzakirə olunmasını da təklif edib.

Putin amerikalı Stiven Habbardı azad etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşündə amerikalı Stiven Habbardın azadlığa buraxıldığını elan edib. O, muzdlu döyüşçü ittihamı ilə məhkum edilmiş həmin şəxsin artıq Pulkovo hava limanında olduğunu bildirib.

+++

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff Osloda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedib.

Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov deyib ki, görüş oktyabrın 21-də günün birinci yarısında Sankt-Peterburqdakı Konstantin sarayında keçiriləcək.

O, Trampın kürəkəni Cared Kuşnerin xəstəliyi səbəbindən görüşdə şəxsən iştirak edə bilməyəcəyini söyləyib. Kuşnerin danışıqlara onlayn qoşulacağı gözlənilir.

Bu, Uitkoffla Rusiya liderinin doqquzuncu görüşü olacaq.

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqa gəlib.
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqa gəlib.

Üçtərəfli görüş təklifi

"Bizim sülhə necə nail olmaq barədə bəzi konkret ideyalarımız var. İstəyirik ki, amerikalılar bu ideyaları ruslara çatdırsınlar", – Zelenski oktyabrın 20-də Osloda jurnalistlərə bildirib. Danışıqlara Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya prezidenti Aleksandr Stabb ev sahibliyi edib.

Zelenskiyə görə, Uitkoff Rusiya tərəfinə Ukrayna, Rusiya və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi təklifini çatdıracaq.

Tramp isə Putinlə Zelenski arasında görüşün mümkünlüyü barədə danışarkən razılıq əldə etmək üçün iki liderin üz-üzə gəlməsinə ehtiyac olmadığını deyib.

"Onların eyni otaqda olmasına ehtiyac yoxdur. Məncə, bunu başqa yolla da edə bilərlər", – Tramp oktyabrın 20-də jurnalistlərə bildirib.

Hindistanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio Uitkoffun Osloda Zelenski ilə apardığı danışıqları müsbət qiymətləndirib.

"Görüş müsbət keçdi, gözlənilməz və ya təəccüblü heç nə olmadı. İndi o, həmin ideyalarla Sankt-Peterburqa gedib, onları Rusiya tərəfi ilə bölüşəcək. Görək, müəyyən irəliləyiş əldə edə biləcəyikmi", – Rubio oktyabrın 21-də jurnalistlərə deyib.

Zelenski ötən gün ABŞ-yə Rusiyanın raket zərbələri barədə kəşfiyyat məlumatları verdiyinə görə təşəkkürünü bildirib. O, erkən xəbərdarlıq sistemlərinin də artıq səmərəli işlədiyini vurğulayıb.

Tramp həbsdə olan amerikalıya azadlıq istəyib

Tramp oktyabrın 20-də Putindən 72 yaşlı ABŞ vətəndaşı Stiven Habbardın azad edilməsini istədiyini bildirib. Miçiqan ştatından olan Habbardı 2022-ci ilin aprelində Rusiya hərbçiləri əsir götürüb. O, Ukrayna tərəfində muzdlu döyüşçü olmaqda ittiham edilib. Amma Uitkoffun Putinlə danışıqlarında bu məsələni qaldırıb-qaldırmayacağı məlum deyil.

2024-cü ildə Rusiya məhkəməsi Habbardı 7 il müddətinə azadlıqdan məhrum edib.

"Mən onunla (Putinlə) xeyli danışmışam. Ondan Habbardı azad etməsini istəmişəm. Görək nə olacaq", – Tramp Vaşinqtonda jurnalistlərə bildirib.

​
XS
SM
MD
LG