Keçid linkləri

2026, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:03

Tramp: 'İstəyirik ki, Zelenski Rusiya ilə razılığa gəlsin'

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə razılaşma bağlayaraq Moskvanın başladığı müharibəyə son qoymasını istəyir.

"İstəyirik ki, Zelenski razılığa gəlsin. O, bunu edə bilər", – Tramp Ağ evdə jurnalistlərə deyib.

ABŞ prezidenti Zelenski barədə sözlərinə belə davam edib: "O, özü saziş bağlamağa istəkli olmalıdır, çünki məncə, xalqı artıq buna dözməyəcək".

Tramp müharibədə üstünlüyün Moskvanın tərəfində olduğunu vurğulayıb: "Rusiya nəhəng bir maşındır: o, sadəcə dayanmadan irəliləyir və çox böyük əraziləri ələ keçirə bilib".

Son həftələr Kiyevlə Vaşinqton arasında münasibətlər pisləşib. Bundan əvvəl D.Tramp Rusiya prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılaşma əldə etmək üçün Moskvaya qarşı sanksiyaların bir hissəsini ləğv edib. O, Rusiyanın neft emalı zavodlarına Ukraynanın hücumlarına görə Zelenskini tənqid edərək, onu müharibəni başa çatdırmaq istəməməkdə günahlandırıb.

V.Zelenski isə öz növbəsində ABŞ-ni kritik kəşfiyyat məlumatlarını qəsdən gizlətməkdə və hərbi yardımın göstərilməsini ləngitməkdə ittiham edib. Zelenski oktyabrın 19-da bildirib ki, Ukrayna paytaxt regionundakı enerji obyektlərinə Rusiyanın güclü raket zərbələri barədə öncədən xəbərdarlıq almayıb.

Oktyabrın 20-də Osloda Trampın xüsusi elçisi Stiv Uitkoffla danışıqlardan sonra Zelenski deyib ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyinə və Rusiyanın ballistik raket hücumları barədə öncədən xəbərdarlıqlar verdiyinə görə ABŞ-yə minnətdardır.

Zelenski vurğulayıb ki, Ukrayna Rusiyaya qarşı müharibədə məğlub olmur, ancaq insan itirir. Buna görə də Ukrayna hakimiyyəti sülhə nail olmağın yollarını axtarır.

​
XS
SM
MD
LG