ABŞ konsorsiumu 'Lukoil'un xarici aktivlərini alır

"Lukoil"un Buxarestdəki yanacaqdoldurma məntəqəsi

Amerikalı milyarder Todd Bouli Rusiyanın "Lukoil" neft şirkəti ilə onun xarici aktivlərinin alınmasına dair saziş imzaladığını açıqlayıb.

"Reuters" yazır ki, aktivləri Bouli ilə yanaşı, ABŞ-nin Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da yer aldığı konsorsium əldə edəcək. Donald Trampın ilk prezidentliyi dövründə yaradılan bu qurum ABŞ hökumətinin nəzarətindədir. Konsorsiuma həmçinin ABŞ-nin "Xtellus Partners" bankı və BƏƏ-də yerləşən "Catena Investment Holding" şirkəti daxildir.

Bouli və DFC təmsilçiləri agentliyə bildiriblər ki, razılaşmaya görə, "Lukoil"un xarici aktivləri şirkətin 10 milyard dollarlıq səhmləri ilə dəyişdiriləcək.

ABŞ Maliyyə Nazirliyi razılaşmanı təsdiqləyərsə, Vaşinqton gələcək mənfəətdən pay alacaq. Amma Bouli konsorsiumun ayrı-ayrı üzvlərinin kapitalda nə qədər paya sahib olacağını açıqlamayıb. Onun sözlərinə görə, sövdələşmənin başa çatması bir ilədək çəkə bilər.

"Lukoil" 2025-ci ilin oktyabrında ABŞ-nin sanksiyalarına məruz qaldıqdan sonra xarici aktivlərini satmaq niyyətini açıqlamışdı. Şirkətin Avropada üç neft emalı zavodu, Qazaxıstan və Azərbaycan da daxil olmaqla 11 ölkədəki neft yataqlarında payları var. Onun beynəlxalq portfelinin dəyəri təxminən 16 milyard dollar qiymətləndirilir. Bundan başqa, şirkət dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-də yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahibdir.

"LUKOIL-Azərbaycan" QSC hazırda Azərbaycanda təxminən 500 əməkdaşının çalışdığını bildirir. Şirkətin ölkədəki satış şəbəkəsi 87 yanacaqdoldurma məntəqəsindən və bir neft bazasından ibarətdir.