Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 15:42

Macarıstan 2027-ci ilin payızınadək Rusiya qazından imtina etməyi planlaşdırır

Budapeştdən 170 kilometr cənubda yerləşən Kişkundorojma qəsəbəsindəki qazpaylayıcı sistem.
Budapeştdən 170 kilometr cənubda yerləşən Kişkundorojma qəsəbəsindəki qazpaylayıcı sistem.

Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya qazının idxalının dayandırılacağı müddəti təsdiqləyib, Rusiya neftinə alternativ mənbələr axtarıldığını bildirib.

Bundan əvvəl baş nazir Peter Madyar ABŞ-dən Rusiya neftinin tədarükü ilə bağlı sanksiya istisnasının müddətini uzatmağı xahiş etmişdi.

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından imtina üçün qoyduğu son müddətə sadiq qalmağı planlaşdırır. Həmin vaxt 2027-ci ilin payızıdır.

A.Orbanın noyabrın 3-də "Telex" nəşrinə bildirdiyinə görə, Macarıstanın MOL neft-qaz şirkəti də alternativ mənbələrdən alınan neftin emalına hazırlaşır.

Nazir vurğulayıb ki, Budapeşt enerji təchizatının şaxələndirilməsi üçün bir neçə variantı nəzərdən keçirir. Bunların arasında Xorvatiyadakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalının gücünün artırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həmçinin Yunanıstan üzərindən Azərbaycan qazına çıxış yarada biləcək marşrutlardan istifadə yer alır.

Bundan başqa, Macarıstan tərəfi Polşa və Litvadakı LNG terminalları vasitəsilə də tədarük imkanlarını araşdırır.

Rusiya nefti ilə bağlı vəziyyət isə daha mürəkkəbdir. Orbanın sözlərinə görə, ABŞ-nin Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərindən neft almaq üçün verdiyi sanksiya icazəsinin müddəti noyabrın 21-də bitir.

Bununla belə, nazir Rusiya neftinin idxalının tamamilə dayandırılacağı konkret tarixi açıqlamayıb.

"Macarıstana bu istisnanın verilməməsi məntiqsiz olardı"

Oktyabrda baş nazir P.Madyar Rusiya neftinə dair ABŞ sanksiyalarından azad olma müddətinin ən azı daha bir il uzadılmasını təklif edib.

Madyar bu məsələni ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Rusiya dizel yanacağının tədarükünə dair əldə olunmuş razılaşma ilə əlaqələndirib: "Əgər ABŞ prezidenti dizel yanacağının ixracı ilə bağlı razılaşma əldə edibsə, Macarıstana bu istisnanın ən azı daha bir il müddətinə verilməməsi məntiqsiz olardı".

Aİ bundan əvvəl 2027-ci ilin payızınadək Rusiya təbii qazının idxalının dayandırılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Bu məhdudiyyətlər həm boru kəmərləri ilə nəql olunan qaza, həm də mayeləşdirilmiş təbii qaza şamil edilir.

Macarıstanın Rusiya neftindən tam olaraq nə vaxt imtina edəcəyi isə hələlik elan olunmayıb.

2023-cü ilin fevralında Bolqarıstan və Serbiya Azərbaycan qazını nəql edəcək interkonnektor kəmərinin tikintisinə başlayıb. İllik ötürücülük gücü 1.8 milyard kubmetr olacaq bu birləşdirici kəmər Azərbaycan qazının həmin marşrutla Qərbi Avropaya çatdırılmasına imkan verəcək.

​
XS
SM
MD
LG