Tramp: Sazişdə İranın nüvə silahı əldə etməyəcəyi 'çox aydın' yazılıb

Donald Tramp Fransanın Evian şəhərində G7 sammitinə gələrkən.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu həftə İranla imzalanacaq çərçivə sazişində Tehranın nüvə silahı hazırlamayacağı və ya əldə etməyəcəyi "ucadan və aydın" şəkildə qeyd olunur.

"Mənim üçün gerçəkdən vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına sahib olmamasıdır və saziş bunu aydın və qəti şəkildə bəyan edir", – Tramp iyunun 16-da Fransadakı G7 sammitində jurnalistlərə deyib.

Prezident xəbərdarlıq edib ki, əgər İran nüvə silahı əldə etməyə cəhd göstərsə, "başına cəhənnəm yağacaq".

"İranla razılaşmanı əldə etmişik və inanıram ki, uğurlu olacaq. Sonra ikinci mərhələyə keçəcəyik – bu, daha asan olacaq", – Tramp bildirib.

İsraildən narazıdır

ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin sözlərinə görə, ABŞ və İran üç aydır davam edən müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq üçün iyunun 15-də anlaşma memorandumunu elektron qaydada imzalayıblar. Sənədin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində rəsmi mərasimlə imzalanacağı gözlənilir.

Tramp çərçivə sazişinin detalları barədə məlumat verməyib. Bu sazişlə hazırkı atəşkəs rejimi 60 gün müddətinə uzadılır. Tərəflər bu müddət ərzində münaqişəyə həmişəlik son qoyulması üçün danışıqlar apara biləcəklər. Qeyd edək ki, müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsi ilə başlayıb.

Abbas Araqçi

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 16-da xarici jurnalistlərə verdiyi brifinqdə deyib ki, memorandumun "ən vacib" maddəsi "Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və qalıcı şəkildə başa çatdığının elan olunmasıdır".

Tramp İsrailin Livanda "Hizbullah" hədəflərinə zərbələr endirməkdə davam etməsindən və baş nazir Netanyahudan narazılığını bildirib.

"Hizbullah" Livanın cənubunda geniş bir əraziyə nəzarət edən silahlı qruplaşma və siyasi partiyadır. ABŞ onu terror təşkilatı hesab edir, Avropa İttifaqı (Aİ) isə yalnız silahlı qanadını qara siyahıya salıb.

Tramp iyunun 16-da G7 sammitində jurnalistlərə deyib ki, Netanyahu ilə münasibətləri çox yaxşıdır, amma İsrail baş naziri Livan məsələsində "daha məsuliyyətli" davranmalıdır.

Fərqli açıqlamalar gəlir

Sazişin məzmunu ilə bağlı ziddiyyətli siqnallar fonunda həm Tehran, həm də Vaşinqton özünü qalib elan edib.

İranın "Mehr" dövlət xəbər agentliyi anlaşma memorandumunun 14 maddədən ibarət olduğunu bildirib. Agentliyin məlumatına görə, sənəd nüvə məsələləri üzrə danışıqların aparılmasını və Tehrana tətbiq edilən bütün sanksiyaların ləğvini nəzərdə tutur.

Vaşinqton isə bildirir ki, hər hansı hərtərəfli sülh sazişinin əsas şərti İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verilməsi və Hörmüz boğazının gəmiçilik üçün açıq saxlanmasıdır Müharibə başlayandan İran bu strateji boğazı faktiki olaraq bağlayıb, bu isə enerji bazarlarında ciddi çaxnaşmaya səbəb olub.

Vaşinqton israr edir ki, memorandum çərçivəsində ilk 60 gün ərzində boğazdan keçid tamamilə rüsumsuz olacaq, daha uzunmüddətli mexanizmlər isə regional danışıqlarda müəyyən ediləcək.

Bununla belə, Hörmüz boğazından keçid üçün ödəniş məsələsi hələ də aydın deyil. İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Fars" xəbər agentliyi yazıb ki, "Fars körfəzində gəmi hərəkətinin İranın Omanla əlaqələndirmə şəraitində tənzimlənməsi qərara alınıb". Bu açıqlama Vaşinqtonun sözləri ilə birbaşa ziddiyyət təşkil edir.

Təhlilçilərin fikrincə, müharibədən əvvəl dünya neft-qaz tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazında tranzitin tam bərpa olunması hələ həftələr çəkə bilər.