Tramp administrasiyası bildirir ki, ABŞ və İran nüvə sazişinə son illərdə olmadığı qədər yaxındırlar. Amma yüksəkvəzifəli rəsmilər yekun razılaşmaya hələ bir neçə gün qaldığını, əsas detallarla bağlı məsələlərin tam həll olunmadığını deyirlər.
Jurnalistlərlə qapalı telefon danışığında administrasiya rəsmiləri Tehranla danışıqların təxminən "90-95 faiz" tamamlandığını bildiriblər. Onlar formalaşmaqda olan razılaşmanın Barak Obama dövrünün nüvə sazişindən tamamilə fərqləndiyini vurğulayıblar. Donald Tramp özünün birinci prezidentlik dönəmində həmin çoxtərəfli razılaşmadan birtərəfli qaydada imtina etmişdi.
"Hələ tam razılaşdırılmayıb. Ona görə də, heç nə bilmədən tənqid edən luzerlərə (məğlublara) qulaq asmayın. Məndən əvvəl bu problemi illər öncə həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram", – Tramp "Truth Social" platformasında yazıb.
Administrasiya rəsmiləri yaxın günlərdə heç bir sazişin imzalanmayacağını dəfələrlə vurğulayıblar. Həftəsonu isə danışıqlarda ciddi irəliləyiş əldə olunduğu bildirilir.
"Hələ o məqama çatmamışıq. Bu gün və ya sabah saziş imzalamayacağıq", – yüksəkvəzifəli rəsmilərdən biri mayın 24-də deyib.
İran uran ehtiyatları məsələsində geri addım atana oxşayır
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, ən böyük irəliləyiş İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlıdır. Bu məsələ uzun müddətdir danışıqlarda əsas maneə sayılırdı.
Tramp administrasiyasından yüksəkvəzifəli rəsmilərdən birinin sözlərinə görə, Tehran silah istehsalına yararlı səviyyədə olan uran ehtiyatlarından "prinsipcə" imtina etməyə razılaşıb. Bununla belə, tərəflər hələ də bu addımın necə həyata keçiriləcəyi və yoxlama mexanizmləri üzərində mübahisə edir.
"Burada məsələ bunun necə həyata keçiriləcəyidir", – rəsmi bildirib və İranın materialı təhvil verməkdən imtina etdiyi barədə iddiaları təkzib edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İran hazırda 60 faiz zənginləşdirilmiş 440 kiloqramdan çox urana malikdir. Bu səviyyə mülki enerji ehtiyaclarından xeyli yüksəkdir və texniki baxımdan silah səviyyəli zənginləşdirməyə çox yaxındır.
İran mənbələri mümkün variantlardan birinin uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında seyrədilməsi ola biləcəyini bildiriblər.
Administrasiyanın digər yüksəkvəzifəli rəsmisi isə tərəflərin yekun sazişi hazırlamaq üçün 60 günlük çərçivəni müzakirə etdiyini deyib.
Prezident Məsud Pezeşkian və İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Tehranda Nüvə Texnologiyası Milli Günü münasibətilə keçirilən tədbirdə.
"Toz yoxdursa, dollar da yoxdur"
Tramp administrasiyası bildirir ki, hazırlanan çərçivə razılaşması sərt şərtlər və icra mexanizmləri üzərində qurulub. Onların sözlərinə görə, bu yanaşma 2015-ci il nüvə sazişindən – Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) – tamamilə fərqlənir.
Rəsmilər təklif olunan sazişin strukturunu təsvir etmək üçün dəfələrlə "Toz yoxdursa, dollar da yoxdur" ifadəsini işlədiblər.
Bu çərçivəyə əsasən, İran konkret öhdəlikləri yerinə yetirdikdən sonra sanksiyalardan mərhələli şəkildə azad olunacaq. Bu öhdəliklərə zənginləşdirilmiş uran ehtiyatlarının aradan qaldırılması və Hörmüz boğazında gəmiçiliyə müdaxilənin dayandırılması daxildir.
"İran öz öhdəliklərini yerinə yetirməsə, heç bir güzəşt olmayacaq", – rəsmilərdən biri bildirib.
Rəsmilər onu da vurğulayıblar ki, İrana birbaşa ABŞ-dən nağd pul vəsaiti göndərilməyəcək. Bu isə respublikaçıların Obama administrasiyasına qarşı tənqidlərinə işarədir.
"Öhdəliklərini yerinə yetirməsələr, heç nə əldə etməyəcəklər. Biz icra mexanizmləri qurmuşuq", – rəsmi əlavə edib.
Administrasiya bildirir ki, İran Hörmüz boğazının kommersiya gəmiləri üçün maneəsiz və rüsumsuz açıq qalmasını "prinsip etibarilə" təmin etməyə razılaşıb. Bunun qarşılığında Vaşinqton dəniz blokadasını yumşalda bilər.
Rəsmilər diplomatiya uğursuz olarsa, hərbi variantların hələ də masada olduğunu vurğulayıblar.
"Bizim alternativ variantlarımız var. Saziş əldə olunmasa, hərbi zərbələri bərpa edə bilərik", – rəsmilərdən biri bildirib.
İran daxilində siyasi balans
Administrasiya rəsmiləri danışıqları yalnız nüvə sazişi kimi deyil, həm də İran daxilində qüvvələr balansını dəyişdirməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi təqdim ediblər.
"Əsas məqsəd İranın mötədil qüvvələrinin sərt xətt tərəfdarlarının təsirinə üstün gəlməsinə kömək etməkdir", – rəsmilərdən biri bildirib. O əlavə edib ki, ABŞ kəşfiyyatı mötədil qüvvələrin gücləndiyini hesab edir, baxmayaraq ki, sərt xətt tərəfdarları hələ də ciddi təsir imkanlarını saxlayırlar.
Rəsmilər İranın mövqeyinin dəyişməsində hərbi təzyiqin, yoxsa iqtisadi sanksiyaların daha çox rol oynadığını dəqiq deməyiblər. Lakin etiraf ediblər ki, İran təmsilçiləri əvvəllər müzakirə etməyə belə hazır olmadıqları güzəştləri, xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı məsələləri indi müzakirə edirlər.
Rəsmilərin dediyinə görə, Tramp yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, Qətər və Pakistan daxil olmaqla regional liderləri İsraillə daha geniş normallaşma prosesini dəstəkləməyə çağırıb. Bu tələbin bəzi iştirakçılar üçün gözlənilməz olduğu açıqlanıb.
"Xətdə sükut yarandı və Tramp zarafatla onların hələ də xətdə olub-olmadığını soruşdu", – ABŞ rəsmilərindən biri danışıb.
Hazırda Ağ ev ehtiyatlı nikbinlik nümayiş etdirməyə çalışır. Rəsmilər vurğulayırlar ki, hər hansı imzalanma mərasiminə qədər görüləsi çox iş var.
"Razılaşma əldə olunmayınca, heç bir razılaşma yoxdur", – rəsmilərdən biri bildirib.