İran təyyarələrinin Ravalpindi yaxınlığındakı hərbi bazada saxlanıldığı barədə məlumatlar yayılandan sonra Pakistanın İran və ABŞ arasında vasitəçi rolu yenidən gündəmə gəlib. Bu məsələ İslamabadın davam edən münaqişədəki balans siyasəti ilə bağlı suallar doğurub.
Pakistan Xarici İşlər Nazirliyi (XİN) xəbərləri "yanıldıcı və sensasiya xarakterli" adlandırıb, lakin İran təyyarələrinin Nur Xan aviabazasında yerləşdirildiyini inkar etməyib. Nazirliyin bəyanatında deyilir: "Pakistanda saxlanılan İran təyyarələri atəşkəs dövründə gəlib, hərbi fövqəladə plan və ya mühafizə razılaşması ilə heç bir əlaqəsi yoxdur".
CBS telekanalı adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən mayın 11-də xəbər verib ki, Pakistan İranın hərbi təyyarələrinin öz aerodromlarında saxlanmasına icazə verib – bu da onları potensial ABŞ hava zərbələrindən qorumağa qadir ola bilər.
Respublikaçı senator Lindsi Qrem sosial mediada yazıb: "Əgər bu məlumat doğrudursa, Pakistanın İran, ABŞ və digər tərəflər arasında vasitəçi kimi oynadığı rola tamamilə yenidən baxılmalıdır".
Ağ ev və ABŞ Dövlət Departamenti hələlik rəsmi mövqe bildirməyib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə baş müxbiri Daud Xəttak yazır ki, bu iddialar Vaşinqtonda illərdir davam edən mübahisəni yenidən alovlandırıb: Pakistan həm ABŞ ilə yaxın təhlükəsizlik əlaqələrini qoruyur, həm də Amerikanın rəqibləri ilə strateji münasibətlərini davam etdirir?
ABŞ-nin rəhbərlik etdiyi "terrora qarşı müharibə" dövründə amerikalı rəsmilər NATO üzvü olmayan müttəfiq kimi İslamabadı "ikiüzlü oyun" oynamaqda suçlayırdılar.
Donald Tramp 2018-ci ildə bu gərginliyi daha da dərinləşdirərək İslamabadı milyardlarla dollar ABŞ yardımı alaraq Əfqanıstandakı silahlılara "təhlükəsiz sığınacaq" verməkdə günahlandırmışdı: "ABŞ son 15 ildə Pakistana ağılsızcasına 33 milyard dollardan çox yardım edib, əvəzində isə yalnız yalan və hiyləgərlik görüb. Onlar liderlərimizi axmaq hesab ediblər".
Sizin brauzer HTML5-i dəstəkləmir
İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?
Nobel jesti
Bununla belə, Trampın ikinci prezidentlik müddəti başlayandan Pakistan onunla münasibətləri yaxşılaşdırmağa çalışıb. Baş nazir Şahbaz Şərif xoşməramlı jest olaraq Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətini açıqlayıb. Bunun səbəbi kimi Trampın oktyabrda Yaxın Şərqdə HƏMAS-İsrail atəşkəsinin əldə edilməsindəki rolunu göstərib. Bundan əvvəl də İslamabad Trampın Hindistan-Pakistan atəşkəsinin təmin edilməsinə dəstəyini alqışlamışdı.
Tramp da öz növbəsində Şərifi və Pakistan ordusunun baş komandanı Asim Muniri dəfələrlə tərifləyib; Muniri bir dəfə "ən sevimli feldmarşalım" adlandırıb.
Pakistanın İran və Əfqanıstanla ortaq sərhədi, Səudiyyə Ərəbistanı ilə isə dərin müdafiə və dini əlaqələri var. Bu mürəkkəb balans siyasəti ölkənin regional diplomatiyasını həmişə çətinləşdirib.
Təxminən 250 milyon əhalisi olan bu nüvə dövləti onilliklər boyu müdafiə və iqtisadi ehtiyaclar baxımından ABŞ-yə arxalanıb, eyni zamanda Çinlə strateji tərəfdaşlığını da qoruyub.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi kampaniyaya başlayanda Pakistan münaqişədə vasitəçi rolunu üzərinə götürməklə Tramp administrasiyası ilə əlaqələrini daha da möhkəmləndirib.
Müharibə başlayandan təxminən 40 gün sonra Pakistan "Epik Qəzəb" əməliyyatını dayandırmağı xahiş edib. Bunun ardınca Tramp atəşkəs elan edib. Bu addım İslamabadın əsas vasitəçilərdən biri kimi nüfuzunu xeyli artırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Azərbaycana başqa şans buraxmır' - Bakı Hindistanı, yoxsa Pakistanı dəstəkləməlidir?
Geosiyasi "böyümə ağrıları"
Lakin Vaşinqtonla uzun müddətdir mürəkkəb münasibətlər quran Pakistanın beynəlxalq arenada daha çox görünməsi yeni çətinliklər də gətirib.
İslamabaddakı Strateji və Müasir Araşdırmalar Mərkəzindən Zahir Şiqri deyir ki, Pakistanın coğrafiyası onu həmişə yolayrıcına çevirib: "Yolayrıcları nəqliyyata nəzarət etdiyiniz zaman üstünlükdür, lakin xarici qüvvələr axının istiqamətini diktə etməyə başlayanda yükə çevrilə bilər. Pakistanı Vaşinqton, Kabil və Ər-Riyad eyni anda müxtəlif istiqamətlərə çəkir... Bu, mürəkkəb strateji balanslaşdırma aktıdır".
Pakistanın beynəlxalq mövqeyini gücləndirən bu diplomatik gedişlər eyni zamanda ölkənin regional prioritetlərinə dair müəyyən suallar doğurub.
Zoha Vasim və Yasir Qureşi Karneqi Beynəlxalq Sülh Fondu üçün yazdıqları məqalədə bildirirlər ki, dövlətlərin barışdırıcı rolunda çox önə çıxması təhlükəli bir qumar kimidir. Çünki bu iş müsbət başa çatsa belə, nəticənin nə olacağı bəlli deyil. Onların fikrincə, hətta diplomatik uğur qazanılsa belə, bunun ölkəyə maddi xeyir gətirəcəyi, xarici investisiyaları artırıb-artırmayacağı hələ də böyük bir sual altındadır.
Taktiki rol
Pakistanın vasitəçilik fəaliyyəti Hindistanda da tənqidlərə yol açıb: bəzi şərhçilər Nyu-Dehlinin niyə oxşar diplomatik rol oynamadığını sual edirlər. Bu tənqidlərin arxasında iki Cənubi Asiya qonşusu arasındakı tarixən gərgin münasibətlər və regiondakı rəqabətli ambisiyalar dayanır.
Dehlidə yerləşən Siyasi Araşdırmalar Mərkəzinin strateji tədqiqatlar professoru Brahma Çellani "X" platformasında yazıb: "Tramp hər dəfə çətinliklər qarşısında geri çəkildikdə Pakistandan sipər kimi istifadə edir".
London Kral Kollecinin eksperti, politoloq Ayişə Siddiqə AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Pakistan strateqləri Trampla yaxınlaşmanı ölkənin regional mövqeyini gücləndirmək imkanı kimi görürlər. O, Pakistanın tarixən taktiki rol oynadığını vurğulayır: "Prezident Tramp atəşkəs əldə olunmasını, onun müddətinin uzadılmasını və "Azadlıq Layihəsi"ndə fasilə yaranmasını istəyirdi və bu məqsədlə Pakistandan yararlandı. Pakistan da bu prosesdə alət olmağa hazır idi, çünki bu roldan həm hərbi, həm də strateji dividendlər götürməyə çalışır".