Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.
"Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar", - AZƏRTAC-ın xəbərinə görə, o bununla bağlı deyib.
Prezident qeyd edib ki, onlar daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarlarıdırlar.
Son həftələr ABŞ-İsrail-İran müharibəsi fonunda neft 30 faizdən çox bahalaşıb. Martın 11-də dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin barelinin qiyməti 5.09 ABŞ dolları və ya 5.6 faiz artaraq 95.43 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Azərbaycanın ixracının 85 faizi neft və qazın payına düşür. 2015-ci ildə Azərbaycanda manatın iki dəfə dəyər itirməsi ilə müşahidə olunan devalvasiyalar məhz neftin dünyada ucuzlaşması ilə izah edilmişdi.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
İran neftin barelinin 200 dollara qalxacağını deyir
İran Körfəz regionunda neft yataqları və neft daşımalarına hücumlarını davam etdirir, dünyaya neftin barelinin 200 dollara çata biləcəyinə bildirib. Bu qiymət həddi gerçək olarsa, qlobal iqtisadiyyatda ciddi sarsıntı yarada bilər.
Səudiyyə Ərəbistanı martın 12-də səhər saatlarında bildirib ki, "Şayba" adlı nəhəng neft yatağına doğru uçan dron zərərsizləşdirilib. ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan bu yataq tez-tez İranın hədəfinə gəlir. Səudiyyə Ərəbistanı İranın geosiyasi rəqibi sayılır.
Bəhreyn isə martın 12-də bildirib ki, İran Mühərrəqdə bir obyektin yanacaq çənlərini hədəfə alıb.
BMT Təhlükəsizlik Şurası martın 11-də Tehranın Körfəz ölkələrinə, regiondakı digər dövlətlərə hücumlarını pisləyib, İranı bu hücumları dərhal dayandırmağa çağırıb.
İraq yaxınlığında iki neft tankerinə hücumda azı bir ekipaj üzvü həlak olub. Bağdad rəsmiləri bunu "təxribat" adlandırsa da, birbaşa İranı ittiham etməyiblər. Təhlilçilər hadisəni partlayıcı maddələrlə yüklənmiş İran qayıqlarının törədə biləcəyini deyiblər.
Həftənin əvvəlində neft sürətlə bahalanaraq bir bareli təxminən 120 dollara yaxınlaşıb, sonradan təxminən 90 dollara enib. Martın 11-də tədarükün pozula biləcəyi sarıdan qorxular fonunda qiymətlər 5 faiz yüksəlib.
İran dünyaya iqtisadi təzyiqi davam etdirəcəyinə söz verib.
"Neftin barelinin 200 dollara qalxacağına hazır olun, çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır, bu sabitliyi pozmuşunuz", – İran ordusunun sözçüsü İbrahim Zülfüqari ABŞ-yə ünvanlanan açıqlamasında deyib.
ABŞ öz ehtiyatlarından bazara 172 milyon barel neft çıxarır
ABŞ öz strateji ehtiyatlarından bazara 172 milyon barel neft çıxaracaq. Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv 32 ölkənin isə bazara toplam 400 milyon barel neft çıxarması nəzərdə tutulur.
Məqsəd enerji qiymətlərini aşağı salmaqdır.
BEA bildirib ki, üzv ölkələr qiymət artımını cilovlamaq niyyəti ilə bazara 400 milyon barel neft buraxmağa razılaşıblar.
ABŞ və İsrailin İrana hava zərbələrindən və Tehranın Fars körfəzi regiona cavab zərbələrindən sonra neft kəskin bahalanıb.