İspaniya 'Müharibəyə yox' deyir

İspaniyanın baş naziri Pedro Sançes

İspaniya hökuməti ABŞ və İsrailin İrana hücumlarına qarşıdır, Madrid "müharibəyə yox" deyir. Bunu İspaniyanın baş naziri Pedro Sançes martın 4-də deyib və münaqişənin daha da genişlənməsi ilə bağlı xəbərdarlıq edib.

Bir gün öncə ABŞ prezidenti Donald Tramp İspaniyanı İrana qarşı hərbi əməliyyatı dəstəkləməkdən imtinaya görə tənqid etmişdi. İspaniya hökuməti isə bundan əvvəl ABŞ və İsrailin İranı bombalamasını "məsuliyyətsiz və qanunsuz" adlandırıb, ABŞ təyyarələrinin əməliyyat üçün İspaniyanın cənubundakı dəniz və hava bazalarından istifadəsini yasaqlayıb.

Tramp Madridin mövqeyindən dolayı maliyyə nazirinə İspaniya ilə bütün ticarəti dayandırmağı tapşırıb.

"Milyonlarla insanın taleyi ilə rus ruleti oynamaq olmaz"

Sançes isə bugünkü çıxışında deyib ki, dünya problemlərini münaqişələr və bombalarla həll edə bilməz, hökumətinin mövqeyi iki sözlə ifadə oluna bilər: "Müharibəyə yox".

"Bəşəriyyətin böyük fəlakətləri məhz belə başlayır. Milyonlarla insanın taleyi ilə rus ruleti oynamaq olmaz", –o, münaqişələrlə bağlı xəbərdarlıq edib.

Sançes İraq müharibəsinin nəticələrini yada salıb, islamçı terrorizmin yüksəlişi və enerji qiymətlərinin artımından danışıb. O, İrana hücumun nəticələrinin də qeyri-müəyyən olduğunu deyib, bunun daha ədalətli qlobal nizam yaradacağının inandırıcı olmadığını vurğulayıb.

Tramp martın 3-də Böyük Britaniyadan narazılığını dilə gətirmişdi. Birləşmiş Krallıq ABŞ-nin İrana ilkin zərbələrdə onun bazalarından istifadə etməsinə icazə verməmişdi. Amma baş nazir Kir Starmer martın 1-də mövqeyini bir qədər yumşaldıb, ölkəsinin bazalarından məhdud istifadəyə icazə verib.