Keçid linkləri

2026, 05 Mart, Cümə axşamı, Bakı vaxtı 03:06

İran müharibəsi regional münaqişəyə çevrilir

Tehranda partlayışdan sonra tüstü qalxır.
Tehranda partlayışdan sonra tüstü qalxır.

ABŞ və İsrailin İranı irimiqyaslı bombalaması cəmi bir neçə günün içində Amerikanın əsas müttəfiqlərini də regional müharibəyə cəlb edib, qlobal enerji qiymətləri kəskin artıb.

Fevralın 28-də İranın Ali lideri Əli Xamenei öldürülüb. İran ABŞ-İsrail birgə kampaniyasına cavabında ABŞ-nin regiondakı hərbi və diplomatik obyektlərini raket və dronlarla vurub, Fars körfəzində əsas enerji infrastrukturunu hədəfə alıb.

Ekspertlər deyirlər ki, mövcudluğuna təhlükə ilə üzləşən Tehran ABŞ üçün münaqişənin iqtisadi, siyasi və hərbi yükünü artırmaqla onun dayandırılmasına nail olmağa çalışır.

"Tehran ümid edir ki, ABŞ prezidenti Donald Tramp mürəkkəb və bahalı müharibələrə qarışmağa meylli deyil, buna görə də münaqişəni uzatmaq, onu getdikcə daha mürəkkəb və bahalı etmək bacarığını göstərməyə çalışır". Bunu Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi deyir.

Vaşinqtonun birbaşa itkiləri

ABŞ müharibədə birbaşa itkilər verir, artıq altı amerikalı hərbçinin həlak olduğu açıqlanıb.

İran Yaxın Şərqdə ABŞ-nin 19 hərbi obyektinə ballistik raket və dron zərbələri endirib. Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda yerləşən bu bazalarda toplam 40 minədək amerikalı hərbçinin olduğu bildirilir.

Tehran regiondakı ABŞ diplomatik obyektlərini də hədəfə alıb. Martın 3-də Ər-Riyaddakı ABŞ səfirliyinin iki dəfə İran dronunun hücumuna məruz qaldığı, yanğın baş verdiyi bildirilir. Martın 2-də isə Küveytdəki ABŞ səfirliyi yaxınlığında İranın dron hücumları yanğına səbəb olub.

Qlobal enerji bazarlarında həyəcan

İran Vaşinqtonun ərəb tərəfdaşlarını da hədəfə almaqla ona təzyiq göstərir. Körfəz ölkələrinə hücumlar ABŞ hərbi obyektləri ilə məhdudlaşmır. Böyük hava limanları, lüks otellər, əsas enerji obyektləri də zərbələrə məruz qalıb.

Martın 2-də İran dronları Qətərdə elektrik stansiyasını və enerji obyektini hədəfə alıb. Dünyada mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçılarından olan Qətər istehsalı dayandırıb. Səudiyyə Ərəbistanında isə əsas neft emalı zavodu İranın dron hücumundan sonra qismən bağlanıb.

Hörmüz boğazı da faktiki bağlanıb, gəmilər marşrutlarını dəyişib.

Dünya neftinin təxminən 40 faizi Fars körfəzində istehsal edilir. Son günlər baş verənlər neft və təbii qaz qiymətlərini kəskin artırıb, qlobal təchizatla bağlı narahatlıqları gücləndirib.

Yeni cəbhə

İranın müttəfiqlərindən olan "Hizbullah" Livan silahlı qrupu martın 2-də İsrailə raket və dron hücumları başladaraq müharibədə ikinci cəbhə açıb. İsrail cavab zərbələri endirib, onlarla insan həlak olub. Martın 3-də Təl-Əviv Livanın cənubuna əlavə qüvvələr göndərib.

İranın "müqavimət oxu"nun digər üzvləri də müharibəyə qoşulacaqlarını bəyan ediblər. Yəməndəki husi üsyançıları və İraqdakı iranyönlü şiə yaraqlıları bu regional silahlı şəbəkəyə daxildir.

Husi üsyançıları ABŞ ilə ötən il əldə edilmiş atəşkəs razılaşmasından çıxa biləcəklərini bildiriblər. O zaman silahlı qruplaşma Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə raket və dron hücumlarını dayandırmağa razılaşmışdı. ABŞ isə husilərə hava zərbələrini dayandırmağı öhdəsinə götürmüşdü.

"Hizbullah"ın və, ola bilsin, husilərin müharibəyə daha dərin şəkildə qoşulması eskalasiyanın sərhədlərini xeyli genişləndirəcək. Bunu Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş tədqiqatçısı Denni Sitronoviç martın 2-də deyib.

Onun sözlərinə görə, belə iştirak həm beynəlxalq səviyyədə deeskalasiya üçün təzyiqi artıracaq, həm də İsrail və Körfəz ölkələri üçün iqtisadi, təhlükəsizlik xərclərini yüksəldəcək: "Bu isə İranın ərazisinə birbaşa təzyiqi azaltmaq üçün qarşıdurmanın coğrafiyasını genişləndirmək doktrinasına uyğundur".

XS
SM
MD
LG