İran iyunun 11-nə keçən gecə ABŞ-nin ölkədəki hədəflərə zərbələrindən sonra Hörmüz boğazını tamamilə bağladığını iddia edib. Tehran bildirib ki, bu strateji boğazdan keçməyə cəhd edəcək hər hansı gəmi hücuma məruz qalacaq.
ABŞ və İran artıq ikinci gecədir qarşılıqlı hücumlar həyata keçirir. Bu vəziyyət Vaşinqtonla Tehran arasında danışıqların gələcəyi ilə bağlı yeni suallar doğurub. İran dövlət mediası daha sonra iki gəminin atəşə tutulduğunu xəbər verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu iddiaları təkzib edərək Hörmüzdə ticarət gəmilərinin hərəkətinin dayanmadığını açıqlayıb.
Dünyada neft və qaz təchizatının təxminən beşdə biri Hörmüz boğazından keçir.
Son gərginlik ABŞ-nin həftənin əvvəlində Hörmüz boğazı yaxınlığında "Apache" helikopterini itirməsindən sonra başlayıb. ABŞ prezidenti Donald Tramp insidentə görə İranın məsuliyyət daşıdığını bildirib. Bunun ardınca İranın radar, hava müdafiəsi və komanda sistemlərinə zərbələr endirilib. Tramp əlavə hərbi əməliyyatların da mümkün olduğunu deyib.
Hərbi və iqtisadi təzyiqi birləşdirmək
Təhlilçilərin fikrincə, son hərbi qarşıdurma ABŞ-nin hərbi təzyiqi diplomatiya ilə birləşdirmək strategiyasını əks etdirir. "United Against Nuclear Iran" təşkilatının siyasət direktoru Ceyson Brodski AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğluna deyib: "İran rejiminə eyni vaxtda ciddi iqtisadi və hərbi təzyiqin tətbiqi Tramp administrasiyasının yanaşmasının fərqləndirici xüsusiyyətidir. Son əməliyyat Trampın Tehranla münasibətlərində formalaşmış modelin davamıdır. Bu, 2025-ci ildən bəri tətbiq edilən təzyiq diplomatiyası rəqsinin növbəti mərhələsidir. Prezident şərtlərini irəli sürür, bəzən son tarix qoyur. Tehran prosesi yubadanda isə prezident zərbə endirir. Administrasiyanı qane edən nəticə əldə olunanadək bu model davam edəcək".
Strateji seçim
Digər analitik Maks Meyzliş isə bildirib ki, Vaşinqton Tehranı strateji seçim qarşısında qoymağa çalışır: "Prezident Tramp İranı seçim qarşısında qoyur: ya tez bir zamanda razılaşmaya gəlməlidir, ya da daha güclü hərbi təzyiqlə üzləşəcək".
Amma Meyzliş xəbərdarlıq edib ki, hətta mümkün razılaşma belə İran rəhbərliyinin yaratdığı əsas problemi aradan qaldırmaya bilər: "Tehran razılaşma imzalasa belə, hazırkı rejim hakimiyyətdə qalacaq. Təzyiqlər azalan kimi o, yenidən silahlanmağa və terrorçu qruplara arxalanmağa başlayacaq".
Bu arada hərbi gərginliyə baxmayaraq, diplomatik təmaslar davam edir. Məlumatlara görə, Vaşinqtonla məsləhətləşmələrdən sonra Qətər vasitəçiləri Tehrana səfər ediblər.