ABŞ və İsrailin bombardmanı əvvəlcə İranda rəqib siyasi qrupların fikir ayrılıqlarını kənara qoyaraq birləşməsinə səbəb olmuşdu. Lakin aprelin 8-də ABŞ ilə atəşkəs elan olunduqdan sonra İslam Respublikasında dərin siyasi fərqlər yenidən üzə çıxıb.
Tehran iki aydır davam edən müharibəni danışıqlar yolu ilə bitirməyə çalışır. Bu cəhdlər azsaylı, lakin daha çox səs-küy salan ultramühafizəkarları daha mötədil mühafizəkarlarla üz-üzə qoyub. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifinin qeyd etdiyinə görə, bu qarşıdurma parlamentin dəhlizlərində və dövlətə bağlı medianın manşetlərində açıq şəkildə müşahidə olunur.
Təhlilçilər bu parçalanmanın ideoloji olmadığını, əsas fikir ayrılıqlarının ABŞ ilə razılaşma əldə etməyin özündən deyil, sülhün nə vaxt və hansı güzəştlərlə bağlanacağından qaynaqlandığını bildirirlər.
Gərginlik aprelin 11-12-də Pakistanda parlament sədri Məhəmməd Baqer Qalibaf və ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ilk danışıqlardan sonra daha da kəskinləşib.
İran parlamenti spikeri Məhəmməd Baqer Qalibaf ABŞ ilə danışıqlara başçılıq etdikdən sonra ultramühafizəkarların hədəfinə çevrilib.
Ultramühafizəkarların tələbi
Qapalı narazılıq aprelin 25-də açıq media müharibəsinə çevrilib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" xəbər agentliyi redaksiya məqaləsində ultramühafizəkarları məsxərəyə qoyub və onların danışıqlardan gözləntilərini "sehrli çubuq"la müqayisə edib.
Ultramühafizəkarlar İranın ABŞ qarşısında heç bir məsələdə – o cümlədən nüvə proqramı ilə bağlı – güzəştə getməməli olduğunu bildirirlər ki, bu da Vaşinqton üçün qəbuledilməzdir. Onların mövqeyinə görə, istənilən sülh razılaşması İranın regiondakı müttəfiq qüvvələrini də əhatə etməli və Tehrandan bütün sanksiyalar qaldırılmalıdır.
"Tasnim" başqa bir yazıda ultramühafizəkarlara yaxın "Raja News" saytını daxili ixtilaf yaratmaqda və İranın danışıqlar qrupunu tənqid etməklə Donald Trampın əlinə oynamaqda günahlandırıb. Tramp bir neçə gün əvvəl İran rəhbərliyi daxilində "böyük daxili çəkişmə və qarışıqlıq" olduğunu demişdi.
Vaşinqtonda yaşayan iranlı siyasi təhlilçi Əli Əfşari AzadlıqRadiosunun fars xidmətinə deyib ki, bu ictimai qarşıdurmanı şişirtmək lazım deyil: "Məncə, bu mübahisənin böyük struktur parçalanmanı əks etdirdiyini göstərən kifayət qədər sübut yoxdur".
"Paydari Cəbhəsi"nin rolu
Fevralın 28-də başlayan ABŞ-İsrail bombardman kampaniyası İranın siyasi və hərbi rəhbərliyinin böyük hissəsini sıradan çıxarıb. Uzun illər ölkənin ali lideri olmuş Əli Xamenei öldürülüb, onun yerinə oğlu Müctəba Xamenei keçib. Ancaq o, hakimiyyətə gələndən sonra ictimaiyyət qarşısına çıxmayıb.
Ultramühafizəkarların əsas hədəfi ABŞ ilə danışıqlarda ölkəni təmsil edən Qalibafdır. Keçmiş prezidentliyə namizəd Səid Cəlili ilə əlaqəli olan "Paydari Cəbhəsi" qruplaşmasına bağlı siyasətçilər danışıqlar qrupunu yeni ali liderin müəyyən etdiyi "qırmızı xətləri" pozmaqda suçlayıblar.
İranın ultramühafizəkar siması Səid Cəlilinin tərəfdarları ABŞ ilə dialoqun ən sərt əleyhdarları hesab olunur.
"Paydari Cəbhəsi"nə bağlı deputat Mahmud Nəbəvian Pakistana gedən nümayəndə heyətinin tərkibində yer alıb. O, danışıqları "tamamilə zərərli", İranın nüvə proqramına məhdudiyyətlərin müzakirəsini isə "strateji səhv" adlandırıb.
Aprelin 27-də İran parlamenti danışıqlar qrupuna dəstək bildirən bəyanat qəbul edib. 261 deputatdan yalnız yeddisi sənədi imzalamaqdan imtina edib – onların hamısı "Paydari" ilə bağlı fiqurlardır.
"İran nefti müharibədən əvvəlkindən iki dəfə baha satılır", – Nəbəvian ertəsi gün "X" platformasında yazaraq "qorxaqları" ictimaiyyətə qoşulmağa çağırıb və xalqın danışıqları dəstəkləmədiyini iddia edib.
Zamanlama məsələsi
Müharibə beynəlxalq enerji bazarlarını sarsıdıb, qlobal iqtisadiyyatı pozub. Sərt xətt tərəfdarları ümid edirlər ki, nəticədə Vaşinqton məcburən güzəştə gedəcək.
Əfşarinin fikrincə, ultramühafizəkarlarla daha mötədil mühafizəkarlar arasındakı əsas ziddiyyət sülh danışıqlarının vaxtı ilə bağlıdır. Ultramühafizəkarlar müharibəni davam etdirmək və güc mövqeyindən danışıqlar aparmaq istəyirlər. Qalibaf və digər mötədil mühafizəkarlar isə müharibəni indi bitirmək və mümkün olan ən tez zamanda razılaşma əldə etmək istəyirlər: "Fikir ayrılığı bu səviyyədədir, amma o qədər dərin deyil ki, ultramühafizəkar düşərgədə kimsə razılaşmaya qarşı çıxsın".
Müctəba Xameneinin yoxluğu siyasi fikir ayrılıqlarını daha da dərinləşdirib. Onun gizləndiyi və ağır yaralandığı bildirilir. İran rəsmiləri ilə əlaqəsinin minimal olduğu deyilir.