Müsahibə: 'Çin olmasaydı, İran bu müharibəni apara bilməzdi'

Birgə dəniz təlimi zamanı Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin (PLAN) 903A tipli təchizat gəmisinin yaxınlığında İranın sürətli qayığı.

Aprelin 13-də ABŞ-nin İran limanlarına və sahil ərazilərinə daxil olan gəmilərə qarşı dəniz blokadası qüvvəyə minib. Vaşinqton Təl-Əvivlə birlikdə Tehrana həftələrlə hava zərbələri endirib. İndi isə İranı sülh razılaşmasına razı salmaq üçün daha çox iqtisadi alətlərə əl atır.

"Əsas mübarizə İran rejimini ayaqda saxlayan Çin maliyyə kanalları və gizli ticarət şəbəkələri ilə aparılmalıdır". Bunu AzadlıqRadiosuna Demokratiyaların Müdafiəsi Fondunun (FDD) tədqiqatçısı, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) keçmiş rəsmisi Maks Meyzliş deyir.

Onun fikrincə, ABŞ İran rejiminin iqtisadi maraqlarının mərkəzini daha aqressiv şəkildə hədəf almağa çalışır. Yəni, rejimin fəaliyyətinin, ölkənin iqtisadi davamlılığının əsasında duran bütün iqtisadi istiqamətləri hədəfləyir.

"Əvvəllər raket zərbələri daha çox neft-kimya obyektlərini hədəf alırdı, indi isə bu strategiyanın davamı kimi limanlara daxil olan və çıxan bütün gəmilər ABŞ blokadasına məruz qalacaq", – Meyzliş bildirir.

ABŞ blokadanı pozan gəmiləri dayandırsa...

Bəs, bütün bunlar Tehranda qərarvermə prosesinə, Hörmüzdən gəmilərin hərəkətinin idarə olunmasına necə təsir göstərəcək? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun sualına cavabında təhlilçi deyib ki, bu iş xeyli çətinləşəcək: "Reallıq belədir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Lark adasındakı obyektlər vasitəsilə "Tehranın rüsum məntəqəsi"ni idarə edib. Hətta bu rüsum ödənilsə belə, gəmilərin boğazdan keçməsi getdikcə daha qeyri-praktik olur. Prezident Donald Trampın ABŞ-nin bu rüsum sisteminə ödəniş edən istənilən gəmini dayandıracağı haqda açıqlamalarından sonra azı iki Çin dövlət gəmisinin İranın nəzarət etdiyi dəhlizdən keçdiyi barədə məlumatlar yayılıb. Sual yaranır: bu gəmilər ödəniş edibmi, ABŞ bu cür gəmiləri gerçəkdən dayandırmaq vədini yerinə yetirməyə hazırdırmı? İran bu rüsum sistemini qüvvədə saxladığı müddətdə təsir imkanlarını qoruyur. İndi əsas məsələ ABŞ-nin bu ödənişləri edənləri saxlamasıdır".

Hörmüz boğazı

Meyzliş yada salır ki, yanvarda ABŞ Venesueladan çıxan gəmilərə blokada tətbiq edəndə qadağanı pozan gəmiləri təqib edirdi. Ancaq problem təkcə bunda deyil. Gəmilərin ələ keçirilməsi, onların daşıdığı neftin bazara çıxarılması çox ləng prosesdir, yükün müsadirəsi ABŞ məhkəmələrində həftələr, aylarla çəkə bilər.

İndiki blokadanın real təsirinə gəlincə, Meyzliş deyir ki, o, sözügedən iki Çin gəmisi ilə bağlı ABŞ qüvvələrinin hər hansı addım atıb-atmayacağını izləyəcək, axı, onlar ödəniş ediblər. Sonra da başqa kiminsə blokadanı pozmağa çalışmasını gözləmək lazım gələcək.

Çinin kiçik və orta bankları, Əli Ansari

Bəzilərinin "sanksiyalardan yayınma oxu" adlandırdığı Çin, Rusiya və digər oyunçular İranın logistikası və təchizat zəncirinə nə dərəcədə töhfə verir? Meyzliş Çinin mərkəzi aktor olduğunu deyir: "Çin olmasaydı, İran bu müharibəni apara bilməzdi. Çin illərdir İranın ixrac etdiyi neftin 90 faizini, böyük endirimlə də olsa, alaraq rejimi maliyyələşdirir. Bu, rejimə milyardlarla dollar gəlir gətirir. Çin texnologiya, diplomatik dəstək, ballistik raket yanacağı üçün kimyəvi komponentlərlə təmin edir. Maliyyə baxımından isə, ödəniş kanalları, "neft qarşılığında metal" barter sistemləri təqdim edir".

Təhlilçi ABŞ-nin Çinin böyük dövlət qurumlarına bağlı kiçik və orta banklarını hədəfə almaqla iqtisadi sanksiyaları gücləndirə biləcəyini deyir. Onun sözlərinə görə, Çin özünü sanksiyalardan yayınmada iştirak etmədiyini göstərməyə çalışsa da, bu, belə deyil.

ABŞ İranla iqtisadi müharibəni udmaqdan ötrü sanksiyaları yetərincə aqressiv tətbiq edirmi? Meyzlişin fikrincə, ABŞ hərbi zərbələrlə yanaşı, Çinin ödənişləri asanlaşdıran qurumlarını hədəfə almalı, İran rejimi insayderləri və oliqarxlarının aktivlərini dondurmaq üçün digər ölkələrlə işləməlidir: "Məsələn, Böyük Britaniya İran rəhbərliyi üçün araçı bankir Əli Ənsariyə sanksiya tətbiq edib, ABŞ yox. Halbuki onun müxtəlif offşor şirkətlər vasitəsilə saxladığı böyük daşınmaz əmlak portfeli var. Bu aktivlərə iqtisadi təzyiq göstərilməli, gələcəkdə İran xalqına dəstək məqsədilə xüsusi hesablara yönəltməliyik".