İran danışıqları dalana dirənib, bazarların gözü diplomatiyaya dikilib

ABŞ-nin "USS Rafael Peralta" esminesi İran bayraqlı xam neft tankerinə qarşı dəniz blokadası əməliyyatında.

Vaşinqton və Tehran arasında gərginliyin azaldılması ilə bağlı son təklif mübadiləsi Hörmüz boğazında böhranın gələcəyi ilə bağlı yeni suallar doğurub.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun dəstəklədiyi təklifə İranın cavabını "tamamilə qəbuledilməz" adlandırıb. Bununla belə, hər iki tərəf sanksiyaların yumşaldılması, nüvə proqramına məhdudiyyətlər və strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliklə bağlı danışıqlarda maraqlı olduqlarını nümayiş etdirir.

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu ABŞ paytaxtındakı təhlilçilərə istinadla yazır ki, bazarlardakı nisbi sabitlik danışıqların nəticələrindən gözləntilərlə bağlıdır. İndiyədək maliyyə bazarları müəyyən dalğalanmalara baxmayaraq, nisbətən sabit qalıb.

Tərəflər təzyiq altında

"Hər iki tərəf müəyyən razılaşmaya gəlmək üçün təzyiq altındadır", – bunu mayın 11-də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) keçirilən müzakirədə Mark Kansian deyib.

Qurumun baş müşaviri, ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan polkovniki Kansianın sözlərinə görə, cəbhədəki hərbi vəziyyət hazırda dalana dirənib. Tehran dünya neft və qazının 1/5-nin daşındığı Hörmüz boğazında hərəkəti məhdudlaşdırmağa çalışır, ABŞ isə boğazda təzyiqini davam etdirir. Hələlik tərəflərdən heç biri həlledici üstünlük əldə etməyib.

Kansianın fikrincə, Vaşinqton və Tehran İranın zənginləşdirilmiş uran ehtiyatları, gələcək zənginləşdirmə fəaliyyəti və sanksiyaların mərhələli şəkildə yumşaldılması ilə bağlı mümkün kompromisləri araşdırır. ABŞ zənginləşdirilmiş uranın həcminə fiziki məhdudiyyətlər qoyulacağı təqdirdə, İranın beynəlxalq müfəttişlərin ölkəyə girişinə qadağa qoya biləcəyi ehtimalını nəzərdən keçirir. Kansian əlavə edir ki, qarşıdurma nə qədər uzansa, hər iki tərəfə hərbi və iqtisadi təzyiq bir o qədər artacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Trampın İran blokadası dünyaya nə vəd edir

Asiya prosesi diqqətlə izləyir

Qlobal bazarlar nisbətən sabit qalsa da, analitiklər bildirir ki, Hörmüz boğazındakı problemlər davam edərsə, iqtisadi təsirlər daha ciddi ola bilər. Yükdaşımaların bir hissəsi davam etsə də, böhran artıq yanacaq qiymətlərinin 40 faiz artmasına, Asiya və Avropanın bəzi bölgələrində təchizatla bağlı narahatlıqların güclənməsinə səbəb olub.

Xüsusilə Şərqi Asiya böhranı diqqətlə izləyir, çünki bir çox ölkə Yaxın Şərqdən enerji idxalından ciddi asılıdır. Cənubi Koreya üçün bu göstərici 70 faiz, Yaponiya üçün isə 95 faiz təşkil edir.

CSIS-də geosiyasət və xarici siyasət departamentinin rəhbəri, Corctaun Universitetinin professoru Viktor Çxanın sözlərinə görə, Yaponiya və Cənubi Koreya artıq enerji mənbələrini şaxələndirmək və Körfəz marşrutlarından uzunmüddətli asılılığı azaltmaq yollarını axtarır. Mərkəzi Asiya və Afrikaya investisiya imkanları nəzərdən keçirilir.

"Nə baş verəcəyindən asılı olmayaraq, hər iki ölkə Hörmüz boğazından keçən xam neftdən asılılığı azaltmağa çalışacaq", – deyə Çxa vurğulayıb. Onun qənaətinə görə, yaranmış yeni vəziyyət Cənubi Koreya və Yaponiya üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmağı geostrateji zərurətə çevirir. Ekspert bunu alternativ yanacağın Mərkəzi Asiyadan, çox güman ki, Rusiyanın Qara dəniz sahili vasitəsilə daşınacağı ilə izah edib.

Trampın mayın 14-15-də Çin prezidenti Si Cinpinlə keçirəcəyi sammitdə də İran məsələsini müzakirə edəcəyi gözlənilir. Pekin Tehranın əsas müştərisidir – ötən il İranın neft ixracatının 90 faizini alıb. ABŞ rəsmiləri Çinə bu rıçaqdan yararlanaraq İranı güzəştlərə sövq etməsi üçün təzyiq göstərə bilər.

Bununla belə, təhlilçilərin fikrincə, zaman diplomatiyanın əleyhinə işləyir və masa arxasındakı həll yolları real böhranın sürətini mütləq qabaqlamalıdır.