Bir sıra ABŞ və beynəlxalq media orqanları xəbər verir ki, ABŞ və İran hazırkı atəşkəsi uzatmaqla bağlı ilkin razılığa gəlib. İndi sənəd prezident Donald Trampın yekun təsdiqini gözləyir.
"Reuters"in mayın 28-də məsələdən xəbərdar dörd mənbəyə istinadla yazdığına görə, atəşkəsin daha 60 gün uzadılması nəzərdə tutulur. Bu müddətdə strateji Hörmüz boğazından gəmilərin sərbəst keçidinin təmin olunacağı bildirilir. Həmçinin Tehranın nüvə proqramı ilə bağlı müzakirənin davam edəcəyi vurğulanır.
Bu xəbərlə eyni vaxtda İranın xəbər agentlikləri bildiriblər ki, ölkə qüvvələri mayın 28-də raket zərbələri endirib. Zərbələrin əvvəlcə Hörmüz boğazındakı gəmilərə xəbərdarlıq atəşləri olduğu güman edilib.
ABŞ isə İranın hərbi neft ticarətinə yeni sanksiyalar açıqlayıb. Sanksiyalar İranın neft məhsullarını dünya bazarlarına daşıyan səkkiz gəmini hədəf alır.
Bu razılaşma Tramp administrasiyasının istədiyi daha geniş və hərtərəfli atəşkəs sazişi deyil. Amma təsdiqlənərsə, fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayan münaqişədə sülhə doğru ən mühüm addım kimi görünür.
"Reuters" yazır ki, Tramp hələ razılaşmanı təsdiqləməyib, Ağ ev isə mövzu ilə bağlı şərh vermir.
ABŞ və İran arasında aprelin əvvəlində 30 günlük atəşkəs elan olunub. Sonradan Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
"Yetərincə nikbinəm"
Vitse-prezident Cey Di Vens isə jurnalistlərə bildirib ki, Vaşinqton Tehranla danışıqlarda hələ yekun nöqtəyə çatmasa da, tərəflər razılığa yaxındırlar. "Prezidentin memorandumu imzalayacağını və ya bunu nə vaxt edəcəyini dəqiq söyləmək çətindir. Bir neçə ifadə ilə bağlı hələ də müzakirələr gedir", – Vens söyləyib.
"Bunun mütləq baş verəcəyinə zəmanət verə bilmərəm, amma hazırda vəziyyətlə bağlı yetərincə nikbinəm", – o əlavə edib.
İlk olaraq "Axios"un yaydığı məlumatı Tehran şərh etməyib. İranın "Tasnim" agentliyi mənbəyə istinadla yazıb ki, razılaşmanın mətni hələ yekunlaşdırılmayıb və təsdiqlənməyib.
AFP, dpa, CNN, "The New York Times", "Fox News" və "CBS News" daxil bir sıra media qurumları öz mənbələrinə istinadla atəşkəsin uzadılması ilə bağlı ilkin razılaşmanın əldə olunduğunu bildiriblər.
ABŞ-nin maliyyə naziri Skot Bessent Ağ evdə brifinqdə razılaşmanı təsdiqləməkdən imtina edib. Amma o, jurnalistlərə onu da deyib ki, "görünür, ortada razılaşmanın əsasları formalaşır".
"Axios"un bildirdiyinə görə, sazişin şərtləri mayın 27-dək razılaşdırılıb.
Tərəflər hələ də öz siyasi rəhbərlərinin təsdiqini gözləyir.