ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini məhdudlaşdıran iki yeni fərman imzalayıb. Bu barədə Ağ ev rəsmi məlumat yayıb.
Birinci sənəd Amerikada doğulsa belə, avtomatik olaraq ABŞ vətəndaşlığı ala bilməyəcək şəxslərin kateqoriyalarını müəyyən edir. Səfirlərin, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və ya beynəlxalq təşkilatların təmsilçilərinin övladları, həmçinin valideynləri vətəndaşlıq almaq üçün saxta sövdələşmələrdə (doğum turizmi) iştirak edən uşaqlar bu siyahıya daxildir.
Bundan başqa, doğum üçün ABŞ-də surroqat ana ilə kommersiya müqaviləsi bağlayanların övladları, federal qanunlara əsasən, vətəndaşlıq statusu tanınmayan ABŞ ərazilərində və ya sularında doğulanlar, həmçinin valideynlərindən biri "düşmən əcnəbi" (məsələn, terrorçu) olanlar da ABŞ vətəndaşlığı ala bilməyəcəklər.
İkinci fərman "doğum turizmi" praktikasının qarşısını almağa yönəlib. Bu zaman hamilə qadınlar övladlarına Amerika vətəndaşlığı qazandırmaq üçün doğuş məqsədilə bu ölkəyə yollanırdılar.
Tramp artıq ikinci dəfədir ABŞ-də doğum hüququ ilə vətəndaşlıq verilməsini məhdudlaşdırmağa çalışır. O, oxşar sənədi ilk dəfə 2025-ci ildə vəzifəsinin icrasına başladıqdan dərhal sonra imzalamışdı. Həmin sənəd ABŞ dövlət qurumlarına ölkədə doğulan uşaqların valideynlərindən heç biri ABŞ vətəndaşı və ya "yaşıl kart" sahibi olmadığı halda, onların vətəndaşlığını tanımamağı tapşırırdı.
2026-cı il iyunun sonunda ABŞ Ali Məhkəməsi bu təşəbbüsü rədd edib. "Birləşmiş Ştatlarda doğulan və ya naturalizasiya yolu ilə vətəndaşlıq alan və onun yurisdiksiyasına tabe olan bütün şəxslər Birləşmiş Ştatların və yaşadıqları ştatın vətəndaşlarıdır", – qərarda deyilirdi.
Doğum yoluyla vətəndaşlıq hüququ ABŞ Konstitusiyasının 14-cü düzəlişdə təsbit olunub. "ABC News" yazır ki, ABŞ vətəndaşlığı almaq hüququ olan şəxslərin dairəsini məhdudlaşdırmağa yönələn istənilən cəhd, böyük ehtimalla, məhkəmə mübahisələrinə səbəb olacaq.