Rutte: Avropa ABŞ olmadan özünü müdafiə edə bilməz

NATO-nun baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə komitəsində çıxış edib.

NATO-nun baş katibi Avropa ölkələrinə müdafiə sahəsində ABŞ ilə əlaqələri kəsməklə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı iddiaları, Vaşinqtonla Aİ ölkələri arasında digər fikir ayrılıqları fonunda səslənib.

Mark Rutte Avropa Parlamentində dinləmələrdə bildirib ki, ABŞ-nin iştirakı olmadan Avropanın özünü müdafiə edə biləcəyini düşünənlər "xəyal qurmağa davam edə bilərlər". O əlavə edib ki, Avropada NATO çərçivəsindən kənar vahid ordu və ya başqa bir hərbi struktur yaradılsa, Rusiya prezidenti Vladimir Putin məmnun olar.

Rutte onu da vurğulayıb ki, ABŞ ilə hərbi əməkdaşlıq Ukraynaya dəstək məsələsində, Kiyevə silah tədarükündə də vacibdir. Onun sözlərinə gör, ABŞ-dən silah alınmasa, Avropa Ukraynanın ehtiyaclarını ödəyə bilməz, buna görə də hərbi tədarüklər üzrə "Avropadan al" siyasətinə üstünlük verilməməlidir. Rutte deyib ki, Ukraynaya dəstək məsələsində NATO müttəfiqlərinin əməkdaşlığı problemsiz davam edir.

Amma Rutte düşünür ki, Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdır, Tramp da bunu tələb edir. Amma özəlliklə nüvə sahəsində ABŞ ilə əməkdaşlıq qorunub saxlanılmalıdır. Rutte əmin edib ki, Avropa ABŞ-nin "nüvə çətiri" altında qalacaq. O, Amerika əsgərlərinin qitədən tam çıxarılması ehtimalını da istisna edib.

Avropa liderləri Trampın tələb etdiyi hərbi xərclərin artırılmasını dəstəkləyirlər. Amma ABŞ siyasətində, o cümlədən Qrenlandiya məsələsində dəyişikliklər fonunda Aİ daxilində strateji muxtariyyətə, transatlantik münasibətlərdən asılılığın azaldılmasına çağırışlar artır. Tramp isə, öz növbəsində, NATO-nu və Avropalı müttəfiqləri tez-tez səmərəsizlikdə ittiham edir. ABŞ müttəfiqlərinin Əfqanıstan kampaniyasındakı rolu ilə bağlı son bəyanatları isə Böyük Britaniya, Polşa və Çexiya daxil, bir sıra Avropa ölkələrində kəskin reaksiyaya səbəb olub.