ABŞ Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimova BMT Təhlükəsizlik Şurasının açıq debatlarında iştirak etmək üçün viza verməyib. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Nebenzyanın sözlərinə görə, Rusiya nümayəndə heyətini Çinin xarici işlər naziri Van İ dəvət edib, belə ki, Çin mayın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edir.
Mayın 26-na BMT-də açıq debatlar planlaşdırılmışdı.
Nebenzya bildirib ki, Moskva viza verilməməsini yalnız Vaşinqtonun öz öhdəliklərini pozması deyil, həm də "Çinin sədrliyinə açıq hörmətsizlik" sayır.
Donald Tramp ABŞ prezidenti postuna qayıdandan sonra Moskva ilə Vaşinqtonun münasibətləri Co Bayden dövrü ilə müqayisədə daha fəal xarakter alıb. Trampın xüsusi təmsilçiləri bir neçə dəfə Rusiyaya səfər edib, ABŞ isə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin Amerika vizası ala bilməsi üçün ona qarşı tətbiq olunan sanksiyaları müvəqqəti dayandırıb.
Amma Nebenzya deyib ki, Rusiya rəsmilərinə viza verilməməsi halları davam edir.
Ötən ilin sentyabrında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ vizası ala bilməmişdi. O zaman Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorkdakı tədbirlərini işıqlandırmaq üçün akkreditasiya olunmuş jurnalistlər qrupunun bir hissəsinə də Amerika vizası verilməmişdi.
Martın 26-da Slutski bildirib ki, bu dəfə də Dövlət Duması nümayəndə heyətinin tərkibində ABŞ-yə getmək üçün viza ala bilməyib.
Fransa Rusiya diplomatını 7 saat hava limanında saxlayıb
Ötən il aprelin 9-da Rusiya XİN-in rəsmisi Mariya Zaxarova deyib ki, Fransa UNESCO tədbirlərində iştirak etmək üçün Alimova vizanı vaxtında verməyib.
Həmin ay Fransa sərhədçiləri Şarl de Qoll hava limanında Rusiya XİN-in rəsmi nümayəndə heyətinə daxil olan əməkdaşını səbəb göstərmədən saxlayıblar. Onun telefonu və kompüteri müsadirə olunub, Rusiya səfirliyinin nümayəndəsi isə təxminən 7 saat ərzində onun yanına buraxılmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa hakimiyyətinin hərəkətlərini "tamamilə yolverilməz" adlandırıb və bunun Fransanın Vyana Konvensiyası üzrə öhdəliklərinə zidd olduğunu bildirib.