Gürcüstan parlamenti üçüncü, yekun oxunuşda C5 kateqoriyalı yeni viza növü ilə bağlı dəyişiklikləri qəbul edib. Bu viza xarici şirkətlərlə uzaqdan işləyən, yüksəkgəlirli əcnəbilər üçün nəzərdə tutulub. Xəbəri aprelin 16-da "Newsgeorgia" portalı yayıb.
C5 – beş ilə qədər qüvvədə olan çoxdəfəli qısamüddətli giriş vizasıdır, Gürcüstanda 12 aya qədər qalmağa imkanı verir. Dəyişikliklər "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Qanuna edilir.
Təşəbbüs hakim "Gürcü Arzusu" partiyasından gəlib. Onlar bir sıra ölkələrdə "rəqəmsal köçəri" vizalarının uğurla tətbiq olunduğunu deyirlər. Məqsəd ölkə iqtisadiyyatına ödəməqabiliyyətli mütəxəssisləri cəlb etməkdir.
Yeni vizanı yalnız təhlükəsiz hesab edilən ölkələrin vətəndaşları ala biləcək. Bu şəxslər Gürcüstana turistik məqsədlə gəlib qeyri-rezident şirkətlər üçün uzaqdan işləməlidirlər. Vizaya müraciət edən şəxsin ailə üzvləri – xanımı və 18 yaşınadək uşaqları da bu vizanı ala biləcəklər. Hansı ölkələrin təhlükəsiz sayıldığı açıqlanmır.
C5 vizasının rüsumu 20 dollardan 500 dollaradəkdir.
Dəyişikliklər vizaların sürətləndirilmiş qaydada verilməsini nəzərdə tutur. "Dövlətin immiqrasiya siyasəti" əsas götürülərək verilən imtina qərarından şikayət etmək mümkün olmayacaq.
Gürcüstan son vaxtlar əcnəbilərlə bağlı qanunvericiliyi sərtləşdirib. Ölkədə qalma müddətinin pozulmasına görə cərimələr artırılıb, etiraz aksiyalarında iştirak qaydalarını pozan əcnəbilərin deportasiyasına icazə verilib. Baş nazir İrakli Kobaxidzenin açıqlamasına görə, 2025-ci ilin ilk 11 ayı ərzində ölkədə qanunsuz qalan 1 min 131 xarici vətəndaş deportasiya olunub.