11 Sentyabr anımında ənənə pozuldu, Səudiyyəyə cəza tələb edildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri

Birləşmiş Ştatlarda 25 il əvvəl – 2001-ci il sentyabrın 11-də həlak olanların xatirəsi yad edilib.

2001-ci il sentyabrın 11-də "əl-Qaidə" terror təşkilatının qaçırdığı sərnişin təyyarələri Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb və binalar tamamilə uçub. Digər bir layner isə Pentaqonun binasına çırpılaraq dağıntılara səbəb olub. Dördüncü təyyarənin sərnişinləri nəzarəti geri almaq üçün terrorçulara müqavimət göstərdiyindən, qəsbkarlar hava gəmisini yerə yönəldib və layner Pensilvaniyanın Şanksvill qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Bu terror aktları təxminən 3 min nəfərin həyatına son qoyub.

11 Sentyabr hadisələrindən sonra ABŞ təhlükəsizlik sistemini tamamilə yeniləyib. Bununla da həm ölkə daxilində, həm də xaricdə terrorizmə qarşı genişmiqyaslı mübarizə başlayıb. Bu faciənin fəsadları dünya siyasətinə, cəmiyyətə və beynəlxalq münasibətlərə uzunmüddətli təsir göstərib.

Anım tədbirlərinə artıq bir gün əvvəldən başlanılıb. Nyu-York səmasında hər bir qurbanın xatirəsinə – 2 min 977 dronla Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinin işıqlı təsviri yaradılıb.

Nyu-Yorkda, dağılmış göydələnlərin yerində – "Ground Zero"da (Sıfır nöqtəsi) anım mərasimi saat 8:46-da başlayıb. Məhz həmin dəqiqədə qaçırılan ilk təyyarə əkiz qüllələrdən birinə çırpılmışdı. Uşaq xorunun ABŞ himnini oxumasından sonra terror qurbanlarının – bütün 2 min 977 nəfərin adları saatlarla tək-tək oxunub. Adları həlak olanların yaxınları səsləndirib.

Qaydaya görə, anım mərasimindəki çıxışlar siyasətdən uzaq olmalıdır. Lakin həmin hücumda əri Tomu itirən Terri Strada bu qaydanı pozub. 11 Sentyabr Qurbanlarının Ailələri Assosiasiyasının sədri olan Strada, Səudiyyə Ərəbistanı hakimiyyətinin məsuliyyətə cəlb olunmasını tələb edib. "Bura toplaşan liderlər də daxil olmaqla, bir-birinin ardınca gələn hökumətlər 25 ildir ki, həlak olanların ailələrinin yanında olmaq əvəzinə, səudiyyəlilərin cinayətlərini gizlədirlər. Prezident Tramp bunu dəyişə bilər. Bura gəldiyi üçün vitse-prezident Vensə təşəkkür edirəm", – o bildirib.

Co Bayden, Lora Buş, kiçik Corc Buş, Maykl Blumberq, Cey Di Vens və Rudi Culiani 11 Sentyabr hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimində.

Mərasimdə terrordan sonra ötən 25 ildə ABŞ prezidenti olmuş şəxslər – Bill Klinton, kiçik Corc Buş, Barak Obama və Co Bayden, həmçinin onların xanımları bir araya gəliblər. Hazırkı ABŞ hökumətini isə vitse-prezident Cey Di Vens təmsil edib; o, mərasimə tək qatılıb.

Donald Tramp 2001-ci il 11 sentyabr hücumlarında zərər çəkmiş Pentaqonu ziyarət edib. Onu ABŞ müdafiə naziri Pit Heqset müşayiət edib. Onların hər ikisi çıxışına həlak olanları anaraq başlasa da, tezliklə İrandakı hərbi əməliyyat mövzusuna keçib. Heqset çıxışında deyib: "Biz hələ də terrorçuları aid olduqları yerə – cəhənnəmə, tankerləri isə layiq olduqları yerə – okeanın dibinə göndəririk".

ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays və müdafiə naziri Pit Heqset Pentaqonda 11 sentyabr 2001-ci il hücumunun 25-ci ildönümü münasibətilə təşkil olunmuş anım mərasimində ABŞ prezidenti Donald Trampın çıxışını dinləyirlər.

D.Tramp 11 sentyabrın ildönümü ilə bağlı bəyanatında yazır: "Biz suverenliyimizi, dəyərlərimizi, həmçinin yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq kimi müqəddəs və təbii hüququmuzu qorumalıyıq. İstər xarici ölkələrdən gələn təhlükələr olsun, istərsə də ölkəmiz daxilindəkilər – bizi məhv etmək istəyən hər kəsdən dəyərli həyat tərzimizi qorumalıyıq. Ən əsası isə, 11 Sentyabr xatirəsinin tarixdən heç vaxt silinməməsini təmin etməliyik. Bu xatirə amerikalıların bir nəslindən digərinə ötürülən canlı bir miras kimi qalmalıdır".