Mayda Pakistanın şimal-qərbindəki nəzarət-buraxılış məntəqəsində partlayışdan sonra şiddətli atışmada 21 nəfər həlak olub. Bu, Əfqanıstanda fəaliyyət göstərən silahlıların "əl-Qaidə"nin dəstəyi ilə qonşu Pakistanda hədəflərə zorakı hücumlarından biri idi.
21 il əvvəl ABŞ "əl-Qaidə"ni Əfqanıstandan çıxararaq qonşu Pakistana sıxışdırıb. Terror şəbəkəsi xeyli zəifləyib. Ancaq sonradan Pakistanın qəbilə bölgələrində yenidən təşkilatlanıb. 2007-ci ildə yaradılmış "Təhrik-e Taliban Pakistan" (TTP) qruplaşması "əl-Qaidə"yə yardım və sığınacaq verib. Bu qruplaşma əsasən "Əfqanıstan Talibanı"nın təsiri altında olan gənclərdən ibarətdir.
"Taliban" Əfqanıstanda hakimiyyətə qayıdandan TTP və "əl-Qaidə"nin əlaqələri daha da güclənib.
Köhnə əlaqələr, yeni məqsədlər
"Əl-Qaidə"yə bağlı "Əs-Səhab" media fondu apreldə ilk dəfə açıq bəyanat yayaraq, terror qruplaşmasının TTP-nin Pakistandakı əməliyyatlarını dəstəklədiyini bildirib.
""Əl-Qaidə" ilə TTP arasındakı əlaqə praktiki dəstəkdən başlayaraq, rəhbərlik səviyyəsində ortaq narrativin formalaşdırılmasına qədər uzanır", – Cənubi Karolinadakı Klemson Universitetinin professoru Əmirə Cadun AzadlıqRadiosuna müsahibəsində bildirib.
Təhlükəsizlik səbəbindən adı açıqlanmayan pakistanlı tədqiqatçı isə bildirib ki, "əl-Qaidə" ilə TTP arasındakı əlaqələr hazırda dərin kök salıb və daha da güclənib.
""Əl-Qaidə"nin ərəb rəhbərliyi regionda hamıdan çox TTP-yə etibar edir", – tədqiqatçı söyləyib.
AzadlıqRadiosunun jurnalisti Daud Xəttak yazır ki, bu iki qruplaşma arasındakı münasibətlərin dəqiq mahiyyəti hələ də aydın deyil. Mərkəzi və Cənubi Asiyadakı silahlı qruplaşmaları izləyən tədqiqatçı Rikardo Alvarezin sözlərinə görə, "əl-Qaidə" 2020-ci ildən bəri "Pakistan Talibanı"nı (TTP) özünü buraxmağa və ona birləşməyə vadar etməyə çalışır.
"Əfqanıstan Talibanı"nın bu cəhdin arxasında dayandığı güman edilir. "Taliban" Kabildə hakimiyyətə gələndən bəri müxtəlif silahlı qruplaşmalara sığınacaq verib, onların üzvlərini mənzil və müavinətlə təmin edib.
"Əfqanıstan Talibanı" TTP, "əl-Qaidə" və onun qolu olan "Hindistan Yarımqitəsində əl-Qaidə" (AQIS) qruplaşmasının üzvlərinə yerli şəxsiyyət vəsiqələri – təzkirələr verib. "Şərqi Türküstan İslam Hərəkatı"nın (ETIM / Türküstan İslam Partiyası - TİP) uyğur silahlıları da analoji sənədlərlə təmin olunublar.
"Əl-Qaidə"nin genişlənən dəstəyi
Ekspertlər deyirlər ki, "əl-Qaidə" təkcə TTP-yə kömək etmir, digər silahlı qruplaşmalara verdiyi dəstəyi də genişləndirib. Bu qruplaşmalardan biri "Bəlucistan Azadlıq Ordusu"dur (BLA). BLA və TTP Pakistanın şimal və cənub bölgələrində ölkənin təhlükəsizlik qurumlarını hədəfə alırlar. TTP Pakistanda "Taliban" tipli şəriət qanunlarının tətbiqi uğrunda döyüşür, BLA isə müstəqil Bəlucistan yaratmağa çalışır. BMT-nin avqust hesabatında adı açıqlanmayan bir üzv dövlətə istinadla "əl-Qaidə"nin BLA silahlılarına təlim keçdiyi bildirilib.
BLA 2025-ci ilin martında İran və Əfqanıstanla həmsərhəd Bəlucistan vilayətində qatar qaçırmışdı. Pakistan təhlükəsizlik qüvvələrinin xilasetmə əməliyyatı zamanı onlarla insan həlak olub.
Digər qruplaşma isə Əfqanıstanla həmsərhəd Xeybər-Paxtunxva vilayətində fəaliyyət göstərən cihadçı ittifaq – "İttihadül-Mücahidin Pakistan"dır (IMP). BMT müşahidəçilərinin məlumatına görə, AQIS bu qruplaşmaya təlim keçir və onun strategiyasının hazırlanmasına kömək edir. IMP Pakistanın şimal-qərbində polis məntəqəsinə maydakı hücuma görə məsuliyyəti üzərinə götürüb.
Ancaq Pakistanı "əl-Qaidə"nin TTP-yə dəstəyi daha çox qəzəbləndirir. TTP 2025-ci ilin oktyabrında Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanını pusquya salaraq 11 əsgəri öldürüb. Bu hücumdan sonra Pakistan sərhədin o tayına hava zərbələri endirib, Kabili, Əfqanıstanın sərhədyanı vilayətlərini hədəfə alıb. "Taliban"la Pakistan sərhədçiləri arasında sonradan da vaxtaşırı toqquşmalar baş verib. Tərəflər arasında gərginlik hələ də yüksəkdir.
Şişirdilmiş rol?
Bəzi ekspertlər "əl-Qaidə"nin bu hücumlardakı rolunun şişirdildiyini bildirirlər.
İsveçdə yaşayan, Əfqanıstan və Pakistandakı cihadçı qruplaşmaları araşdıran Əbdül Səid "əl-Qaidə" ilə TTP arasındakı əlaqələri "mif" adlandırıb. Səid AzadlıqRadiosuna bildirib ki, "əl-Qaidə" 11 Sentyabr hücumlarından sonra yerli silahlılara təlim verməklə Pakistanda cihadçı üsyanın formalaşmasına kömək edib, amma 2014-cü ildən bəri onun təsiri xeyli zəifləyib.
Səidin sözlərinə görə, əsasən Pakistana yönəlmiş məqsədlərini həyata keçirmək üçün TTP-nin "əl-Qaidə"nin dəstəyinə ehtiyacı yoxdur.
""Əl-Qaidə"nin qlobal gündəliyi TTP-nin Pakistandakı məqsədlərinə ziddir. İndi TTP bir istiqamətdə, "əl-Qaidə" isə fərqli strateji yolla gedir. Ancaq, təbii ki, ideoloji baxımdan onların bir sıra ortaq cəhətləri var", – deyən Səid əlavə edib ki, "Taliban" 2021-ci ildə hakimiyyətə qayıdandan sonra TTP dəfələrlə "əl-Qaidə"dən uzaqlaşmağa çalışıb.
İki qruplaşma arasında ən sıx əməkdaşlıq media və təbliğat sahəsində müşahidə olunur.
Cadunun sözlərinə görə, elə əsas məsələ də narrativdir; AQIS Pakistanı Vaşinqtonun əlaltısı kimi qələmə verməklə, TTP-nin ölkə daxilində apardığı savaşı Birləşmiş Ştatlara qarşı qlobal cihadın bir hissəsi kimi təqdim edir: ""Pakistan Talibanı" (TTP) özü də bilmədən və ya istəmədən, apardığı mübarizə ilə birbaşa "əl-Qaidə"nin qlobal hədəflərinə xidmət etmiş olur".