ABŞ-də 11 Sentyabr hücumlarından 25 il keçir. O zaman terrorun təşkilatçısı "əl-Qaidə" Əfqanıstana sığınmışdı. İndi Əfqanıstan sanki yenidən əvvəlki vəziyyətinə qayıdıb: ABŞ 20 ildən sonra ölkədən çıxdı və "Taliban" hakimiyyətə gəldi. "Əl-Qaidə" üzvləri yenidən təhlükəsiz sığınacaq əldə etdilər.
Hələ ki, Qərb ölkələrinin paytaxtlarında 11 Sentyabr hücumlarına oxşar hadisə baş verməyib. Amma AzadlıqRadiosuna danışan keçmiş hərbçilər, diplomatlar və kəşfiyyat rəsmiləri, region üzrə ekspertlər bunun səbəblərini fərqli yozurlar. Bəziləri indiki vəziyyətin 11 Sentyabr hücumlarından əvvəlki dövrdən əsaslı fərqləndiyini deyirlər. Digərləri isə terror təhlükəsinin yenidən gücləndiyini bildirir, Əfqanıstanı "saatlı bomba" adlandırırlar.
2020-ci ildə Donald Trampın ABŞ prezidenti kimi ilk hakimiyyəti dövründə "Taliban"la razılaşma imzalanıb. Sazişə əsasən, beynəlxalq qüvvələr Əfqanıstandan çıxmalı, "Taliban" isə "heç kimə Əfqanıstan ərazisindən istifadə edərək ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid törətməyə icazə verməməli" idi.
"Əl-Qaidə"nin dönüşü
Qoşunlar 2021-ci ildə, Co Baydenin prezidentliyi dövründə çıxarıldı. O vaxtdan BMT-nin çoxsaylı hesabatlarında "əl-Qaidə" üzvlərinin Əfqanıstana qayıtdığı sənədləşdirilib.
2025-ci ilin dekabrında çıxan bir hesabatda Əfqanıstan "əl-Qaidə"nin "rəmzi vətəni" kimi göstərilib, təşkilatla "Taliban" üzvləri arasında şəxsi münasibətlərin və nikah əlaqələrinin qurulduğu qeyd olunub.
"Əfqanıstan artıq beynəlxalq planları olan terrorçulara sığınacaq verir. Növbəti sual onların bu planları həyata keçirməsinin mümkünlüyü ilə bağlıdır. Bəs Əfqanıstan 11 Sentyabrdan əvvəlki vəziyyətinə tam qayıdıbmı? Bəli, qayıdıb", –keçmiş amerikalı diplomat, vaxtilə Kabildə diplomatik missiyada işləmiş Enni Pforzhaymer AzadlıqRadiosuna deyib.
"Bunu dünyanın qalan hissəsinə qarşı həm birbaşa, həm də dolayı təhdid sayıram. "Əl-Qaidə" hələ də oradadır, keçmişini nəzərə alsaq, həddindən artıq güclüdür", – o söyləyib.
"Əfqanıstanda müxtəlif qruplaşmalar bir-birinə qarışıb və bu vəziyyət saatlı bombanı xatırladır", — bu xəbərdarlığı Nyu-Yorkda mənzillənən, təhlükəsizlik araşdırmaları üzrə ixtisaslaşmış Sufan Mərkəzinin icraçı direktoru Kolin Klark səsləndirib
11 Sentyabr təcrübəsi
Ehtiyatlı yanaşma sərgiləyən ekspertlər də var. Belə ki, 11 Sentyabr hücumlarından, hətta "Taliban"ın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsindən bəri çox şey dəyişib. "Taliban" indi beynəlxalq əməkdaşlığa can atır. Hərəkat Avropa İttifaqının nümayəndələri ilə görüşmək üçün Brüsselə nümayəndə heyəti göndərib. Rusiya isə "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi tanıyıb.
"11 Sentyabrdan əvvəlki dövrlə müqayisədə əsas fərq budur ki, "Taliban" 11 Sentyabr hadisələrini və onların fəsadlarını yaşayıb. Buna görə də "Taliban"ın "əl-Qaidə" üzvlərinə nəzarət etdiyinə inanmağa meylliyəm", – Vaşinqtondakı CNA analitik mərkəzinin tədqiqat rəhbəri Conatan Şröden AzadlıqRadiosuna deyib.
Şrödenin fikrincə, hazırda Əfqanıstan qlobal təhlükəsizlik gündəminin mərkəzində deyil: "İndiki mərhələdə "əl-Qaidə"nin ən təhlükəli qanadları artıq Afrikada cəmləşib. Burada söhbət "əş-Şəbab"dan və Qərbi Afrikadakı müxtəlif əlaqəli qruplardan gedir. Ən fəal və ən zorakı qruplar məhz bunlardır".
ABŞ-nin mayda dərc olunmuş Terrorla Mübarizə Strategiyasında da bu təhdidlər xüsusi vurğulanır.
Bu beş ildə terror olmayıbsa...
""Taliban"ın beşillik hakimiyyəti dövründə terror aktlarının qeydə alınmaması Əfqanıstanda vəziyyətin dəyişdiyini göstərir". Bunu ABŞ Qərargah Rəisləri Komitəsi sədrinin strategiya üzrə keçmiş xüsusi köməkçisi Karter Malkasyan bu yaxınlarda "Foreign Affairs" jurnalında yazıb.
Vaxtilə Hilmənd vilayətində işləmiş Malkasyan BMT-nin hesabatlarındakı nəticələri şübhə altına alır, əl-Qaidə"nin Əfqanıstan ərazisində təşkilatlanmasını, maliyyə vəsaiti toplamasını və ya təlim keçməsini göstərən sübutların az olduğunu bildirib. Ancaq o, kəşfiyyat məlumatlarının natamam olduğunu etiraf edib: "Vaşinqtonun Əfqanıstandakı vəziyyəti izləmək imkanları nəinki 2011-ci ildəki, hətta 2020-ci il səviyyəsində deyil. ABŞ ucqar dağ kəndlərində, yaxud Kabil, Qəndəhar və ya Cəlalabadın arxa küçələrində terror hücumlarının planlaşdırılmasını və terrorçuların təlim keçməsini vaxtında aşkarlamaya bilər".
Oxşar məsələyə toxunan Şröden ABŞ-nin Əfqanıstandakı sonuncu böyük əməliyyatını yada salır: Vaşinqton 2022-ci ildə "əl-Qaidə" rəhbəri Eyman əz-Zəvahirini məhz Kabildə məhv etmişdi: "Ya ABŞ-nin orada baş verənlərlə bağlı məlumatı o qədər azdır ki, vurulacaq hədəfləri müəyyənləşdirə bilmir, ya da bu gün Əfqanıstanda əvvəllər olduğu kimi əhəmiyyətli hədəflər yoxdur".