Keçid linkləri

2026, 07 Avqust, cümə, Bakı vaxtı 00:50

'Taliban' rəsmilərinin Moldovaya səfəri siyasi qalmaqal yaradıb

"Taliban"ın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Moldovaya yola düşməzdən əvvəl
"Taliban"ın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Moldovaya yola düşməzdən əvvəl

Əfqanıstanın beynəlxalq səviyyədə tanınmayan "Taliban" hökumətinin rəsmiləri bugünlərdə Moldovaya səfər ediblər. Bu səfər Şərqi Avropanın bu kiçik ölkəsində siyasi qalmaqal yaradıb.

"Taliban"ın Kənd Təsərrüfatı Nazirliyinin üç rəsmisinə viza verilib və onlar avqustun 3-də Kişinyova bir neçə günlük səfərə gediblər.

"Taliban" radikal islamçı qruplaşması 2021-ci ildə beynəlxalq qoşunlar Əfqanıstandan çıxandan sonra hakimiyyəti ələ keçirib. Qruplaşma bu səfərdən öz beynəlxalq imicini və legitimliyini gücləndirmək üçün yararlanır.

"Taliban" hökuməti dünyada ən repressiv rejimlərdən biri sayılır. Beynəlxalq birlik "Taliban" liderlərinə sanksiyalar qoymaqla qruplaşmanı qlobal maliyyə sistemindən təcrid edib.

Avqustun 3-də "Taliban"ın Kənd Təsərrüfatı Nazirliyi X sosial şəbəkəsində üç rəsminin ənənəvi geyimdə "Türk Hava Yolları"na məxsus təyyarənin yanında çəkilmiş fotosunu paylaşıb. Səfərin rəsmi olduğu iki dəfə vurğulanıb, yüksək səviyyəli dövlət səfəri kimi təqdim olunub.

Əfqanıstanın dövlət televiziyası avqustun 3-də axşamkı əsas xəbər buraxılışını bu səfərlə başlayıb.

"Utancverici və qəbuledilməz"

Moldova Kənd Təsərrüfatı və Ərzaq Sənayesi Nazirliyinin rəsmisi Vasili Sarban qalmaqalın mərkəzində dayanır. "Taliban" rəsmilərini Moldovaya məhz o dəvət edib. Sarban bu qərarı Əfqanıstana məhsul ixrac etmək istəyən özəl Moldova şirkətlərinin müraciəti əsasında verdiyini bildirib.

"Taliban" nümayəndə heyəti Kişinyova çatdıqdan sonra Moldova Xarici İşlər Nazirliyi bəyanat yayaraq vizaların verildiyini təsdiqləyib. Nazirlik vurğulayıb ki, nümayəndə heyətinin üzvləri beynəlxalq sanksiyalar siyahısında deyillər: "Moldova beynəlxalq sanksiyalar rejiminə ciddi əməl edir, həmçinin Əfqanıstandakı "Taliban" hökumətini tanımır".

Bəyanatda nümayəndə heyəti ilə hər hansı ikitərəfli görüşün və ya rəsmi təmasın nəzərdə tutulmadığı bildirilib.

Moldova hökuməti vizaların hansı əsasla verildiyinin araşdırıldığını bəyan edib.

Baş nazir Vasile Tofan isə "Facebook" paylaşımında hadisəni "utancverici və qəbuledilməz" adlandırıb, bunu administrativ uğursuzluq kimi qiymətləndirib: "Prosedur formal xarakter daşıyıb, zəruri siyasi və diplomatik qiymətləndirmə aparılmayıb. Açıq-aşkar həssas olan bu məsələ adi inzibati iş kimi nəzərdən keçirilib. Nəticədə yanlış qərar qəbul edilib".

"Taliban" tərəfdaş axtarır

İndiyədək yalnız Rusiya "Taliban"ı Əfqanıstanın legitim hökuməti kimi rəsmən tanıyıb. Moskva bunu 2025-ci ildə elan edib.

Çin, Qazaxıstan və Özbəkistan daxil olmaqla, bir sıra ölkələr "Taliban" hökumətini rəsmən tanımasalar da, onunla diplomatik, ticarət və iqtisadi əlaqələr saxlayırlar.

Ekspertlərin fikrincə, "Taliban" müxtəlif ölkələrlə əlaqələr qurmağa çalışır və məqsədi həm beynəlxalq legitimlik görüntüsü yaratmaq, həm də ölkə daxilindəki ictimai rəyə təsir göstərməkdir.

"Taliban" rəsmiləri ilk dəfə iyunda Brüsseldə əfqan miqrantların geri qaytarılması məsələsini müzakirə ediblər. İnsan haqları təşkilatları bu danışıqları kəskin tənqid edərək Avropa İttifaqını "Taliban"ı legitimləşdirməkdə günahlandırıblar. Bu qruplaşma əfqanların, xüsusilə də qadınların fundamental hüquqlarını tapdalamaqda ittiham olunur.

XS
SM
MD
LG