Hökumət bloqer Əbdül Əbilova azı 4 min avro kompensasiya ödəməli olacaq

Əbdül Əbilov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bloqer Əbdül Əbilovun şikayəti əsasında Azərbaycana qarşı növbəti qərarını açıqlayıb. Məhkəmə 2013-cü ildə narkotik ittihamı ilə həbs olunmuş bloqerə münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu tanıyıb. Qərara əsasən, Azərbaycan hökuməti ona mənəvi zərərə görə 3 min 600 avro, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya ödəməlidir.

Ə.Əbilov "Facebook" sosial şəbəkəsində "Yaltaqlara dur deyək" səhifəsini idarə edirdi. O, Avropa Məhkəməsinə göndərdiyi ərizəsində narkotik ittihamının saxta olduğunu və məhz bloqer fəaliyyətinə görə cəzalandırıldığını vurğulamışdı. Bu səbəbdən şikayətdə Konvensiyanın 6-cı maddəsi ilə yanaşı, 10-cu (ifadənin azadlığı) və 18-ci (hüquqların siyasi məqsədlərlə məhdudlaşdırılmaması) maddələrinin də pozuntusunun tanınması tələbi qoyulmuşdu. Lakin Strasburq məhkəməsi həmin maddələr üzrə pozuntu qeydə almayıb.

Avropa Məhkəməsi xüsusilə Ali Məhkəmədə Ə.Əbilovun ədalətli mühakimə hüququnun tapdandığı qənaətinə gəlib. Aşağı instansiyalarda onun hüquqlarını müdafiə etmiş Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verildiyindən o, Ali Məhkəmədə yeni vəkillə müqavilə bağlamalı olub. Yeni vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən əlavə vaxt istəsə də, bu imkan ona yaradılmayıb. Ali Məhkəmə müdafiə tərəfinin iştirakı olmadan Ə.Əbilovun kassasiya şikayətinə baxıb.

Avropa Məhkəməsi bütün bu halları hüquq pozuntusu kimi dəyərləndirib.

Xatırlatma

1982-ci il təvəllüdlü Ə.Əbilov 2013-cü ilin noyabrında Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama) maddəsi ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay həbs cəzası verilib və yuxarı instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlayıb.

2017-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan bloqer narkotik ittihamının tamamilə saxta olduğunu, sosial mediadakı tənqidi paylaşımlarına görə cəzalandırıldığını bəyan edib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahılara əsasən, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var və onların da bir hissəsi jurnalistlər ilə bloqerlərdir.

Rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə söz azadlığının tam təmin olunduğunu, heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar.