Gürcüstan hakimiyyəti Belarus vətəndaşı Lev Mixeyevi Ermənistana deportasiya edib. O, orada Belarus tərəfinin sorğusu əsasında qısa müddətə saxlanılsa da, sonradan sərbəst buraxılıb.
Mixeyev baş verənlər barədə AzadlıqRadiosunun Belarus xidmətinə danışıb. Onun sözlərinə görə, o, beş il Gürcüstanda yaşayıb. Müvəqqəti şəxsiyyət vəsiqəsinin müddəti oktyabrda başa çatacağı üçün sentyabrın 25-də Daxili İşlər Nazirliyi Miqrasiya Departamentinin Martkopidəki beynəlxalq müdafiə şöbəsinə gedib. Bu sənəd sığınacaq istəyən şəxslərə verilir.
Ancaq şöbədə onu Gürcüstanda qanunsuz yaşamaqda ittiham edərək saxlayıb, Tbilisiyə aparıblar. Paytaxtda ona ölkəni dərhal tərk etməli olduğu bildirilib. Məlum olub ki, iki ay əvvəl Gürcüstan məhkəməsi Mixeyevə beynəlxalq müdafiə verilməsindən imtina barədə yekun qərar çıxarıb. Mixeyev bu qərardan xəbərsiz olduğunu deyir.
Miqrasiya xidmətinin əməkdaşları Mixeyevə deportasiya olunacağı ölkəni seçməyi təklif ediblər: Belarus, Rusiya, Türkiyə və ya Ermənistan. O, Ermənistanı seçib. Elə həmin gün pasportu və telefonu özünə qaytarılıb, həmçinin Gürcüstanda qanunsuz qalmasına görə 1000 larilik (385 dollar) cərimə qəbzi verilərək sərhədə aparılıb.
Ermənistan sərhədində pasportu yoxlanarkən Mixeyev yenidən saxlanılıb, Belarus onun barəsində dövlətlərarası axtarış elan edibmiş. O, Noyemberyan şəhərindəki polis bölməsinə aparılıb, gecəni orada keçirib və ertəsi gün sərbəst buraxılıb.
Ermənistanda öz ölkələrində axtarışa verilmiş Rusiya və Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətlərinin vətəndaşları tez-tez saxlanılır. Lakin siyasi motivlərlə axtarışda olan şəxslər, bir qayda olaraq, ekstradisiya edilmir və qısa müddət sonra sərbəst buraxılır.