Hərəkat üzvünə işgəncə verildiyi deyilir

Ağaəli Yahyayev

“Müsəlman Birliyi” Hərəkatının (MBH) idarə heyətinin üzvü Ağaəli Yahyayevin həbs zamanı işgəncəyə məruz qaldığı bildirilir.

Bu barədə “Turan”a onun bacısı Elnarə Eldar məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 6-da qardaşı ilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüblər:

"Avqustun 31-i, saat 19.00 radələrində Ağaəlini Mehdiabad qəsəbəsi ərazisində cərimə adı ilə polis patrul xidmətinin əməkdaşları saxlayıb, maşından düşməyini istəyiblər. Qardaşım deməsinə görə, polis maşınına yaxınlaşan kimi bir neçə maşınla gəlmiş 10 nəfərə yaxın polislər onu saxlayıb".

Elnarə Eldarın sözlərinə görə, qardaşını Mehdiabad polis bölməsinə gətiriblər:

"Bildirməsinə görə, 2 saata yaxın ona narkotik saxlaması və satmasına dair maddəni boynuna götürməyi razı salmağa çalışıblar. Qardaşımın razı olmayacağını görüb, ona işgəncə verməyə başlayıblar. Əllərini qandalla kabinet stulunun arxasına bağlayaraq, bir digər stulun arasından ayaqlarını çıxararaq, dəyənəklə uzun müddət ayağının altına vurublar. Bu zərbələrdən Ağaəlinin ayaqları şişib. Üzünə-gözünə,başına yumruqla çoxsaylı zərbələr yetiriblər".

Buna da bax: Məhbusun məhkəmədə öldüyü deyilir

“Beysbol bitası ilə onu zorlayacaqlarını bildiriblər”

Bacısı qeyd edib ki, həbsindən 6 gün keçsə də A.Yahyayevin bədənində işgəncə yerləri var:

"Deməsinə görə, işgəncə etdikcə də, qardaşıma bildiriblər ki, onlara əmr gəlib. Vurğulamasına görə, deyiblər ki, hələ ki, narkotiki boynuna götürməlisən, daha sonra casusluq maddəsinə kimi işinin böyüyə biləcəyini də eşitdiriblər. Gecə, 3 saata yaxın davam edən işgəncənin nəticəsində imza etməyəcəyini deyən qardaşıma beysbol bitası ilə onu zorlayacaqlarını bildiriblər. Bundan sonra taqətdən düşmüş qardaşım törətmədiyi cinayətə imza etməyə razılaşıb".

Bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma buna qədər nazirlikdən polisdə işgəncə iddiaları təkzib edilib.

MBH İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin avqustun 31-də saxlandığı deyilir. Müdafiə tərəfinin açıqlamasına görə, o Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham olunur.

Buna da bax: Hökumət 'Nardaran məhbusları'na 64 min avro ödəyəcək

Xatırlatma

A.Yahyayev bundan əvvəl 2015-ci ildə həbs edilərək "Nardaran-2" işi üzrə mühakimə olunub. Bakı Ağır Cinayətlərin Məhkəməsinin qərarı ilə ona 15 il həbs cəzası verilib. A.Yahyayev 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

MBH-nin A.Yahyayev ilə təxminən eyni vaxt və eyni ittihamlarla mühakimə edilən bəzi rəhbər şəxsləri isə hazırda da həbsdədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran və onun ətrafında baş verən hadisələr ilə bağlı həbs ediliblər. Həmin şəxslərə terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlar irəli sürülüb. Lakin onlar ittihamları qəbul etmir, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Üstəlik, polislərin ölümündə də əllərinin olmadığını deyirlər.

Təşkilatın bir çox üzvləri də narkotik ittihamı ilə həbs olunub. Onlar da bu ittihamı qəbul etmir, sifarişlə həbs olunduqlarını bildirirlər. Rəsmilər isə Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını vurğulayırlar.