Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən biri Mahir Əzimova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə dini inanclı fəal 4 il azadlıqdan məhrum edilib.
41-yaşlı Əzimova qarşı irəli sürülmüş ittiham dəyişib. Ona istintaq zamanı Cinayət Məcəlləsinin (CM) 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilsə də, məhkəmə satış məqsədini çıxarıb. Beləliklə, ittiham da CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub. Əvvəlki maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, digərində müddət 3-8 il arasındadır.
Özünü təqsirli bilmir
Lakin Mahir Əzimov ümumiyyətlə, özünü təqsirli bilmir. İyulun 7-də hökmdən öncə məhkəmədə son sözündə də vurğulayıb ki, ittihamda bəhs olunan narkotikin ona heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, narkotiki cibinə polislər atıb.
Əzimov bildirib ki, həbsinin gerçək səbəbi ilahiyyatçı Taleh Bağırovun sədrlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvü olmasıdır. Onun sözlərinə görə, tutulanda da polis bölməsində ondan ancaq hərəkat haqqında soruşublar. Qarşısına hərəkatı tərk etmək tələbi qoyublar, lakin o, imtina edib.
Əzimovun vəkili də onun təqsirsiz olduğunu vurğulayaraq, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş edib.
Prokuror isə əksinə, bildirib ki, Əzimova qarşı narkotik satışı ittihamı məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum olunmasını təklif etmişdi.
İyulun 7-də Əzimovun son sözündən sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, onun 4 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.
Əzimov həbsdə olduğu dövrdə – iyunun 3-də onun 16-yaşlı oğlu Məhəmməd dənizdə boğularaq vəfat edib. Övladının dəfn mərasimində iştirakına icazə verilməsi üçün vəkili Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. Bundan sonra Əzimova üç günlük icazə verilmişdi.
“Bir ailəni məhv elədilər”
Həyat yoldaşının şərlənərək həbs olunduğunu deyən Yeganə Əzimova hesab edir ki, övladının ölümündə də bu hadisənin birbaşa rolu var. Onun sözlərinə görə, həyat yoldaşı meyvə-tərəvəz satışıyla evin dolanışığını təmin edirdi. Ərinin həbsindən sonra evin maddi yükü də onun üzərinə düşüb. Nəticədə övladları nəzarətsiz qalıb:
“Atasını şərləyib həbs eləməsəydilər, uşaq nəzarətsiz qalıb ölməzdi. O biri övladım da qorxu içindədir. Bir ailəni məhv elədilər. Bu qədər zülmkar olmaq olar?! Günahsız bir adama 4 ili oxuyub, necə rahat yaşaya bilirlər?”
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittiham məhkəmədə sübuta yetirilmədi. Sadıqova vurğulayıb ki, cinayət işinin materiallarında olan ekspert rəyində Əzimovun narkotik maddə asılılığı olmadığı göstərilib:
“Məhkəmə belə nəticəyə gəldi ki, satış məqsədi yoxdur. Ekspertiza da rəy verib ki, istifadəçi deyil. Bəs onda bu narkotik onda nə gəzirmiş? Deməli, məsələ onun özünün dediyi kimidir – həmin narkotikin ona heç bir aidiyyəti yoxdur”.
Narkotik ittihamı
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov daxil olmaqla, təşkilatın 50-yə yaxın üzvü həbsdədir. Bağırov 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilib, terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir, hökumətin siyasətini sərt və açıq şəkildə tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.
Təşkilat üzvlərinin bir çoxu da narkotik ittihamıyla həbs olunub. Onlar bu ittihamı qəbul etmir, təqsirsiz olduqlarını, sifarişlə həbs edildiklərini bildirirlər.
Lakin rəsmilər Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını, hər kəsin konkret törətdiyi cinayətə görə cəzalandırıldığını deyirlər.