Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

Taleh Bağırovun həyat yoldaşı: 'Ondan heç bir məlumat ala bilmirik'


Taleh Bağırov
Taleh Bağırov

"Müsəlman Birliyi" Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun 12 gündür ki, həbsdə aclığı davam etdirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.

Həyat yoldaşı bildirib ki, Bağırovun durumu haqda heç bir məlumat ala bilmirlər. Çünki onunla sonuncu dəfə noyabrın 27-də telefonla əlaqə saxlaya bilib. Vəkili Fəxrəddin Mehdiyev isə dekabrın 3-də cəzaçəkmə müəssisəsində Bağırovla görüşüb.

"Çox narahatıq"

"Beynəlxalq Qırmızı Xaç Komitəsinə də, Ombudsman Aparatına da xəbər vermişik. Çox narahatıq. Bu soyuq qış günündə 12 gün ac qalmaq nə deməkdir?! Heç bir məlumat da ala bilmirik", - İsmayılzadə bildirib.

Həyat yoldaşı vurğulayıb ki, ilahiyyatçı Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilən gün oranın rəis müavini Babək İsgəndərovun təhqirlərinə və nalayiq davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Sosial şəbəkələrdə aclığın 11-ci günündə cəzaçəkmə müəssisəsində Bağırovun vəziyyətinin kəskin pisləşdiyi, bu səbəbdən onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü haqda məlumatlar yayılıb.

Penitensiar Xidmət təkzib edir

Lakin Penitensiar Xidmət bu haqda iddiaları təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Bağırovun aclıq səbəbindən vəziyyətinin pisləşməsi və Müalicə Müəssisəsinə köçürülməsi haqda məlumatlar həqiqətəuyğun deyil.

Dekabrın 7-də "Müsəlman Birliyi" Hərəkatı təşkilata qarşı təzyiqlərin artması, son 10 gündə qurumun dörd üzvünün saxta narkotik ittihamı ilə həbs olunması haqda bəyanat yayıb: "Kiminsə gözünə qara görünüb həbs olunan bu şəxslər hansısa ailənin başçısı, hansısa uşağın atası, hansısa xanımın həyat yoldaşı, hansısa ananın oğludur. Heç bir izahat verilməyən bu qanunazidd həbslərin dayandırılması üçün sizlərə, Azərbaycanın düşünən beyinlərinə bir daha müraciət edirik...".

Xatırlatma

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov da daxil olmaqla, təşkilatın xeyli üzvü həbsdədir. Bağırov və tərəfdarlarının əksəriyyəti 2015-ci ilin noyabrında Bakının Nardaran kəndində ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlar dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. əməllərdə suçlanıb.

20 il azadlıqdan məhrum edilən Bağırov bu cəzanın ilk 7 ilini həbsxana rejimində çəkməliydi. Ona görə də o, 7 il Qobustandakı həbsxanada saxlandıqdan sonra 2022-ci il noyabrın 26-da oradan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bağırov özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, hakimiyyətin ünvanına kəskin tənqidlərinə görə cəzalandırıldıqlarını, polis idarəsində işgəncəyə məruz qaldıqlarını deyir.

Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edib. Azərbaycan rəsmiləri də ölkədə heç kimin fikir və əqidəsinə görə təqib olunmadığını, həbs olunanların konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bəyan edirlər.

"Müsəlman Birliyi" Hərəkatının həbs olunan onlarla üzvünün bir hissəsi əfv fərmanları ilə azadlığa buraxılıb. Bəzilərinin cəza müddəti başa çatdığına görə həbsdən çıxıblar. Bununla belə, təşkilatın 20-yə qədər üzvü hələ də həbsdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG