İsraillə Həmasın döyüşləri səngimir

Hebron şəhəri

BMT 38 mindən çox fələstinlinin Qəzzədən didərgin düşdüyünü, daha 2 min 500 nəfərin evini itirdiyini açıqlayıb

Mayın 18-də İsraildə, Yerusəlimdə və Qərb sahildəki fələstinlilə ümumi tətil keçiriblər. Tətil İsrail əhalisinin 20 faizini təşkil edən Fələstin icmasının çağırışıyla keçirilib, Qərb sahilin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən Fələstin hakimiyyəti aksiyanı dəstəkləyib.

***

Zorakılığı dayandırmaqla bağlı beynəlxalq çağırışlara baxmayaraq İsraillə Həmas qruplaşması arasında döyüşlər səngimək bilmir.

Mayın 18-də BMT-nin Təhlükəsizlik Şurası son illərin ən ağır münaqişəsi ilə bağlı fövqəladə iclas keçirəcək. Cəmi bir həftə ərzində bölgədə 200-dən çox insan öldürülüb.

İsrailin Baş naziri Bencamin Netanyahu mayın 17-də deyib ki, “İsrailin bütün vətəndaşlarının sakitliyi və təhlükəsizliyi təmin edilənədək” Qəzzədə “terrorçu hədəflərin vurulması davam edəcək”.

Buna da bax: İsrail Qəzzədəki tunelləri dağıtdığını bildirir

ABŞ Prezidenti Co Bayden mayın 17-də Netanyahuya atəşkəsi dəstəklədiyini söyləyib, amma atəşi dayandırmağı tələb etməyib, Ağ evin bəyanatında deyilir.

Bayden daha öncə də oxşar bəyanatlar verərək atəşkəsi dəstələmişdi, bir daha “İsrailin özünü hədəfsiz raket atəşlərindən qorumaq hüququna qəti dəstək” ifadə edib.

Ancaq prezident “İsraili günahsız din sakinlərin qorunmasını təmin etməyə ürəkləndirib”, – Ağ ev bildirir.

Buna da bax: ABŞ milli təhlükəsizlik müşaviri Əliyevə və Paşinyana zəng edib

38 mindən çox fələstinli didərgin düşüb

Ötən gecə İsrail Qəzzəyə hücumları davam etdirib, gecəyarısından az sonra Qəzzə şəhərinə çoxsaylı zərbə endirib. “Frans Pres” bombardman nəticəsində yolların, infrastrukturun dağıldığını, elektrik təchizatının pozulduğunu xəbər verir.

İsrail ordusunun məlumatına görə, Qəzzədən ümumilikdə 3 min 350 raket atıblar, onların 200-ü mayın 17-də atılıb. Raket zərbələrində azı 130 silahlının öldürüldüyü bildirilir.

BMT isə Qəzzədən 38 mindən çox fələstinlinin didərgin düşdüyünü, daha 2 min 500 nəfərin evini itirdiyini açıqlayıb.

İsrail Qəzzəni mayın 10-dan vurmağa başlayıb. Bundan öncə Qəzzəni idarə edən Həmasın İsrailə raketlər atdığı bildirilir. Şərqi Yerusəlimdə Əl-Əqsa məscid kompleksi ətrafında bir neçə günlük iğtişaşlardan sonra zorakılıqlar qızışıb.

Qəzzədə ölənlərin sayı 212-yə çatıb, onlardan azı 61 nəfəri uşaqlardır. 1400-dən çox yaralı var. İsraildə isə biri uşaq olmaqla 10 nəfər öldürülüb, yüzlərlə yaralının olduğu deyilir.

Buna da bax: Bayden vergi bəyannaməsini dərc edir

Diplomatik cəhdlər

Fələstin torpaqlarının lideri Mahmud Abbas ABŞ-ın elçisi Heydi Amr ilə görüşdə Vaşinqtonu “İsrailin təcavüzü”nə qarşı hərəkətə keçməyə çağırıb.

Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə mayın 17-də israilli həmkarı və Misir hökuməti ilə danışdığını, Vaşinqtonun “sakit, intensiv diplomatiya” apardığını vurğulayıb.

Fransa və Misir Prezidentləri Emmanuel Makron Abdel Fattah əl-Sisi atəşkəs əldə olunmasına, İordaniyanın dəstəyini almağa çalışırlar.

Mayın 18-də Avropa Birliyinin xarici işlər nazirləri zorakılıqlar bağlı təcili toplantı keçirəcəklər. AB-nin xarici işlər üzrə başçısı Jozep Borrel gərginliyi azaltmaqdan ötrü “intensiv” diplomatik fəaliyyətlə məşğuldur.

Bu arada İsraildə yəhudilərlə ərəblər, eləcə də işğal olunmuş Qərb sahildə iğtişaşlar baş verir. Fələstin hakimiyyəti mayın 10-dan Qərb sahildə 20 fələstinlinin öldürüldüyünü bildirir.

İsrail ordusu Livanla sərhədinə də nəzarət edir. Mayın 17-də axşam İsrailə tərəf altı mərmi atıldığı deyilir. Mərmilər sərhədi keçməyib, amma İsrail ordusu mərmilərin mənbəyinə artilleriya atəşilə cavab verdiyini bildirir. İtki, yaxud dəyən ziyan haqda informasiya yoxdur.