İsrail ordusu mayın 17-də səhər saatlarında Qəzzə zolağına ağır raket zərbələrinin silahlıların 15 kilometrlik tunellərini, həmçinin Həmasın komandirləri olduğu bildirilən 9 nəfərin evini dağıtdığını bildirir.
Qəzzə şəhərində üçmərtəbəli binaya böyük ziyan dəyib. Sakinlərin deməsinə görə, İsrail ordusu zərbədən 10 dəqiqə qabaq onlara xəbərdarlıq edib və ev boşaldılıb.
Son hücumların səbəb olduğu itkilərlə bağlı dəqiq məlumat yoxdur.
Ordu bu əməliyyatda 35 “terror hədəfi”nin, “Metro” adlandırılan sistemə daxil, silahlıların raket zərbələrindən gizləndiyi tunellərin vurulduğunu bildirir.
Məlumatda o da deyilir ki, ötən gecə silahlılar İsrailin şəhərlərinə 60-dək raket atıblar Daha öncəki gecələr bu say 120, 200 raket atıldığı deyilir.
***
İsrail Qəzzə şəhərinə raket zərbələri endirib
Mayın 17-nə keçən gecə İsrail hərbi təyyarələri Qəzzə şəhərinin bir neçə yerinə ağır raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələrinin qısa məlumatına görə, “qırıcılar Qəzzə zolağındakı terror hədəflərini vurur”.
Zərbələr elektrik təchizatının kəsilməsinə səbəb olub, yüzlərlə binaya ziyan dəyib.
Bir gün öncə isə İsrail sərhəd anklavında 90-dan çox hədəfi vurduğunu bildirib. Raket zərbələrindən biri 8-i uşaq və ikisi həkim olmaqla 42 fələstinlinin həyatına son qoyub. Qəzzədə xilasedicilər dağıdılmış binaların dağıntılarını təmizlədikcə ümumi ölü sayı 197 nəfərə qalxıb.
17 may zərbələrindən itki sayı hələlik, açıqlanmayıb.
Zorakılığı bitirməyə çağırırlar
İsrailin Baş naziri Bencamin Netanyahu deyib ki, zərbələr “tam gücüylə” davam edəcək və “zaman alacaq”. Onun sözlərinə görə, İsrail Həmas silahlı qruplaşmasının “ağır bədəl ödəməsini istəyir”.
ABŞ Prezidenti Co Bayden isə bildirib ki, administrasiyası davamlı sakitliyə nail olmaqdan ötrü fələstinlilər və israillilərlə işləyir. Baş katib Entoni Blinken mayın 16-da Qətər, Misir, Səudiyyə ərəbistanının xarici işlər nazirlər ilə telefon söhbətində zorakılığı müzakirə edib.
Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşinin mayın 16-da zorakılığı dərhal bitirməyə və Fələstin-İsrail sülh dialoqunu bərpa etməyə çağırıb.
Bir qrup ABŞ konqresmeni də zorakılığı dayandırmağa səsləyib. Mayın 16-da Senatın 26 demokrat üzvü İsrail ordusunu və Həmasə atəşkəs əldə etməyə çağırıb.
Qurbanlar
Fələstinli həkimlərin mayın 16-da bildirməsinə görə, indiyədək öldürülmüş 197 fələstinlinin 55-i uşaqlar, 33-ü qadınlardır. Onlar 1230 fələstinlinin yaralandığımı bildirib.
İsrail tərəfdə isə biri 5 yaşlı oğlan və biri əsgər olmaqla 10 nəfər öldürülüb.
Mayın 16-də İsrail zərbələrindən Həmas liderinin Qəzzə zolağındakı evi və iki başqa bina dağılaraq 42 nəfərin həyatına son qoyub.
İsrail ordusu Həmasın siyasi qanadının lideri Yəhya Sinvar və onun qardaşı, qruplaşmanın logistika rəhbəri Məhəmməd Sinvarın evlərinin hədəfə alındığını desə də, rəsmilərin öldürülməsi haqda informasiya yoxdur.
Zorakılığı bitirməyi hədəfləyən diplomatik cəhdlər hələlik, fayda verməyib. ABŞ-ın elçisi Heydi Amr mayın 16-da İsrail liderləri ilə görüşüb, Fələstin rəsmiləri ilə də görüş planlaşdırılır. Dövlət Departamenti məqsədin “davamlı sakitliyə” nail olmaq olduğunu bildirir.