Vəkili Navalnını ‘bir neçə dəqiqəlik’ görə bilib

Kollaj

Aprelin 18-də Navalnının müttəfiqləri əhalini aprelin 21-də ölkə boyunca kütləvi etirazlar keçirməyə çağırıb

Artıq üç həftədir ki, həbsxanada aclıq aksiyası keçirən müxalifət siyasətçisi Aleksey Navalnının vəkili onunla görüşdükdən sonra məhbusun əhvalının “pis” olduğunu bildirib.

Bundan az əvvəl Kreml Qərbin təzyiqi altında Navalnını qonşu həbsxananın xəstəxanasına köçürüb.

Vəkil Aleksey Liptser aprelin 19-da çox qısa müddətə Navalnı ilə görüşə bilib. O deyib ki, 44 yaşı məhbusun sağlıq durumu getdikcə pisləşir.

Bu barədə Navalnının komandasından Leonid Volkov Twitter-də yazıb:

"Vəkil Navalnını cəmi bir neçə dəqiqə görüb və daha sonra rəsmilərin dediyinə görə, iş günün axırı olduğu üçün onu çölə atıblar...Hələki mülki həkimlərə Navalnıya baş çəkmək icazəsi verilmir. O aclıq aksiyasını dayandırmır”.

Reuters Lipsterə istinadən yazır ki, Navalnıya özünün seçimi olan həkimlə görüş verilmir.

Navalnı xəstəxanaya köçürülür

Rusiya müxalifətçisi Aleksey Navalnı cəza çəkdiyi təcridxana yaxınlığındakı başqa bir cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürüləcək. O, 20 gündür ki, müalicəsinə etiraz olaraq aclıq aksiyası keçirir və səhhətinin pisləşməsi sarıdan narahatlıq var.

“Hazırda Navalnının səhhəti kafi dəyərləndirilir; hər gün müalicə həkimi onu müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terapiyası təyin olunub”, – Vladimir regionundakı Rusiya Federal Penitensiar Xidməti aprelin 19-da bəyanatında bildirib.

Buna da bax: Məhkəmə onlara gecə bir dəqiqə bayırda olmağa icazə verdi

“Bir neçə günə” ölə bilər

Ötən həftə Navalnının şəxsi həkimi, həmçinin kardioloqu daxil olmaqla daha üç həkim Rusiya Federal Həbsxana Xidmətimə məktub yazaraq 44 yaşlı siyasətçi ilə görüş istəyiblər. Məktubda onun ürəyinin “istənilən an” dayana biləcəyi vurğulanıb.

Navalnının sözçüsü Kira Yarmış həftəsonu xəbərdarlıq edirdi ki, tezliklə tədbir görülməsə, Kremlin tənqidçisi “bir neçə günə” ölə bilər.

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra bir neçə ay müalicə almışdı.

Navalnı məsələsi Rusiyanın Qərblə onsuz da gərgin münasibətlərini daha da pisləşdirir. Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan aprelin 18-də deyib ki, Navalnı həbsxanada ölərsə, bunun Rusiya üçün “nəticələri olacağını” ABŞ hökuməti Moskvaya deməlidir.

Buna da bax: Navalnı həbsxanada Quran tələb edir

AB nazirləri Navalnıdan danışacaqlar

Aprelin 19-da Avropa Birliyinin xarici işlər nazirləri Navalnını müzakirə edəcəklər.

Birliyin aparıcı diplomatı Jozep Borrel görüşdən öncə xəbərdarlıq edib ki, AB Kremlin tənqidçisinin səhhətinə görə Moskvanı məsul tutacaq.

“Cənab Navalının sağlamlığına görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını elan edirik”, – Borrel deyib.

Navalnı yanvarın 17-də zəhərlənmədən müalicə olunduğu Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Buna da bax: Navalnının müalicə olunduğu xəstəxananın daha bir həkimi vəfat edib

Etirazlar öncəsi həbslər

Aprelin 18-də Navalnının müttəfiqləri əhalini aprelin 21-də ölkə boyunca kütləvi etirazlar keçirməyə çağırıb.

Bu gün – aprelin 19-da isə Navalnının yaxın silahdaşı Vladimir Milov həbs olunmamaq üçün ölkədən qaçdığını açıqlayıb.

Navalnının Sankt Peterburqdakı komandasının keçmiş koordinatoru etirazlara iki gün qalmış həbs olunub. Denis Mixailov Telegram-da yazıb ki, aprelin 19-da səhər saxlanıb, Navalnının həbsinə 31yanvar icazəsiz nümayişdə iştiraka görə saxlandığı bildirilir. Təqsirli bilinsə, 15 günədək həbs oluna bilər.

Müxalifətçinin Rusiyanın ikinci böyük şəhərindəki komandasının hazırkı lideri İrina Fatyanova isə eyni ittihamlar ötən həftə saxlanıb, ona 10 sutka həbs cəzası kəsilib.